Search
14601960562115136199_554x360

VTB Bank qərarını dəyişməli oldu

Rusiyanın VTB bankının Ermənistandakı törəmə bankı VTB Bank (Ermənistan)ın erməni hərbçilərinə dəstəyi ilə bağlı qərarını dəyişməli olub.

Xatırladaq ki, adı çəkilən bank Qarabağda məhv edilmiş erməni hərbçilərinə dəstək kampaniyasına başlamışdı, kampaniyaya görə, bank həmin hərbçilərinin və onların ailələrinin borclarını siləcəkdi.

Rusiya kapitalı bankın bu addımı Azərbaycanda böyük narazılıqla qarşılanıb. Əvvəla, Rusiya bankının səhmdarları arasında Azərbaycan dövləti də var – Dövlət Neft Fondu bu bankda 3% səhmə malikdir. Digər tərəfdən VTB Bankın Azərbaycanda da törəmə bankı var – VTB Bank (Azərbaycan). Buna görə də Ermənistandakı bankın bu addımı Azərbaycana qarşı atılan addım kimi başa düşülür.

Məsələ ilə əlaqədar olaraq BTV Bank (Azərbaycan)a edilən müraciətlərdən sonra bankdan bildirilib ki, bankın rəhbərliyi Ermənistandakı bankın bu addımı ilə bağlı Moskvadakı baş ofisə müraciət edib. Baş ofisdən isə erməni hərbçilərinə dəstək kampaniyasının aparılmadığını, bununla bağlı düzgün olmayan məlumatın yayıldığın bildiriblər: «Bizə bildirdilər ki, Ermənistandakı bank belə bir kampaniya başlamayıb, belə şey olmayıb və ola da bilməz»- deyə VTB Bank (Azərbaycan)ın nümaynədəsi fins.az-a bildirib.

Bununla yanaşı, əldə edilən məlumata görə, adı çəkilən kampaniya doğrudan da başlanıb. Sadəcə bank öz qərarını dəyişməli olub. Belə ki, VTB Bank (Ermənistan)ın adı çəkilən qərarı Azərbaycanda kəskin etirazla qarşılanıb. Rusiya tərəfinə və bankına bununla bağlı Azərbaycandan ən yüksək səviyyədə etiraz edilib. Nəticədə VTB-nin baş ofisinin təsiri ilə Ermənistandakı bank qərarını dəyişməyə, erməni hərbçiləri ilə bağlı kampaniyanı dayandırmağa məcbur olub. Son məlumatlara görə, bankın saytından bununla bağlı məlumatlar çıxarılıb, həmin xəbəri yayan media orqanlarından da həmin məlumatların çıxarılması xahiş edilib, hərçənd, Rusiyanın RİA Novosti resursunda bu məlumat indiyədək çıxarılmayıb.

Qeyd edək ki, ümumiyyətlə, son günlər Ermənistandakı VTB bankın ətrafında qalmaqallar səngimir. Hərbi əməliyyatların başlandığı bir vaxtda erməni mətbuatı Bankın səhmdarları arasında Dövlət Neft Fondunun da olduğunu xatırlayaraq bankı Ermənistana qarşı kəşfiyyat aparmaqda ittiham etmişdi. İş o dərəcədə ciddiləşmişdi ki, bank məsələ ilə bağlı rəsmi təkzib yaymalı olmuşdu. Çox güman ki, erməni hərbçilərinə dəstək kampaniyası da həmin hadisədən qalan mənfi imicin aradan qaldırılması üçün nəzərdə tutulub. Amma Azərbaycan tərəfinin etirazlarından sonra bu alınmayıb.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir