Search
ymar_0492

Trans-Adriatik boru kəmərinin təməlatma mərasimi keçirilmişdir

Mayın 17-də Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik boru kəmərinin (TAP) təməlinin qoyulması mərasimi keçirilmişdir. Azərbaycan Respublikası mərasimdə Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə energetika naziri Natiq Əliyev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin digər rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə təmsil olunmuşdur. Yunanıstanın Baş naziri Aleksis Tsipras, Avropa Komissiyasının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Albaniya Baş nazirinin müavini Niko Peleşi, ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Amos Hokştayn və digər rəsmi şəxslər tədbirdə iştirak etmişlər.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov çıxışında TAP layihəsinin Cənub Qaz Dəhlizinin bir hissəsi kimi həm alternativ nəqliyyat infrastrukturu, həm də alternativ enerji mənbəyi qismində xidmət edəcəyini, Cənub-Şərqi Avropa bazarının təchizat mənbələrinin diversifikasiyasına və enerji təhlükəsizliyinin gücləndirilməsinə əhəmiyyətli töhfə verəcəyini vurğulamışdır. Baş nazirin birinci müavini Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında əsas rol oynadığını diqqətə çatdırmış, bu sahədə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin və Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçin səylərini xüsusi qeyd etmişdir.

Yunanıstanın Baş naziri Aleksis Tsipras, TAP layihəsinin icraçı direktoru Yan Bradşou, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak tədbirdə çıxış edərək, Trans-Adriatik qaz kəmərinin region üçün mühüm əhəmiyyətini, enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və mənbələrin şaxələndirilməsində böyük rol oynadığını vurğulamışlar. Qeyd olunmuşdur ki, Avropa üçün strateji əhəmiyyət kəsb edən bu layihənin əsas vəzifəsi Xəzər qazının Avropa bazarına vaxtında çatdırılması, tranzit və istehlakçı ölkələrin qarşılıqlı iqtisadi maraqlarının təmin edilməsidir. ABŞ dövlət katibi Con Kerrinin TAP-ın təməlqoyma mərasimi iştirakçılarına ünvanladığı məktubda isə layihənin reallaşması ilə Avropa bazarlarına yeni qazın çıxışına şərait yaranacağı qeyd olunmuşdur.

Mərasim TAP-ın təməlinə qoyulacaq boru kəmərinin imzalanması ilə başa çatmışdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir