img1535409

Tarif Şurasının növbəti iclası keçirilmişdir

2016-cı il 13 may tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmiş, su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılmış və müvafiq tarif tənzimlənməsi aparılmışdır.

Belə ki, “Azərsu” ASC-nin müraciəti əsasında bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə – bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat müəyyən edilmişdir. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kub metr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunmuşdur.

Tarif (qiymət) Şurasının iclasında həmçinin, Səhiyyə Nazirliyinin müraciəti nəzərə alınaraq, dərman vasitələrinin ekspertizası xidmətləri üzrə təsnifatlaşdırmanın təkmilləşdirilməsi, qeydiyyat prosesində doza və qablaşdırma üzrə çeşid sayının optimallaşdırılması məqsədilə dərman vasitələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertizası və ölkəyə idxal olunan və ya ölkə daxilində istehsal olunan dərman vasitələrinin laborator ekspertizası xidmətləri üzrə tarif tənzimlənməsi həyata keçirilmişdir.

İclasda “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ceyranbatan su anbarı üzrə satılan hər 1000 kub metr suyun topdansatış tarifi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 19 nömrəli Qərarı ləğv edilmişdir.

Yeni tariflər 2016-cı il 16 may tarixindən qüvvəyə minəcəkdir.

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının Katibliyi 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir