Agentes

SIĞORTA AGENTLƏRİNİN FIRILDAQLARI. “Qəsdən səhv məlumat daxil edirlər” –

Avtomobillərin icbari sığortası zamanı tez-tez baş verən problemlərdən biri də avtomobil sahiblərinin agentlər tərəfindən aldadılmasıdır. Belə ki, bəzi agentlər öz maraqları naminə eyni maşını 2-ci dəfə sığortalayır və bu barədə müştəriyə məlumat vermirlər. Belə hallar o qədər geniş yayılıb ki, bir qədər əvvəl Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbərliyi də sığorta şirkətlərini belə hallardan çəkinməyə çağırmışdı.

AXA MBASK sığorta şirkətinin agent satışları departamentinin direktoru Azad Məhərrəmov Fins.az-a bildirib ki, dələduz sığorta agentləri bəzi istehlakçıları 2 üsulla aldadırlar: “Sığortalanmış avtomobillər satıldığı zaman yeni sahibi maşını sığorta etdirmək istədikdə, bəzi agentlər həmin maşının sığortalı olduğunu müştəriyə demirlər”. Bu zaman maşının daha əvvəl sığortalandığını gizlətmək üçün Büro məlumat sisteminə həmin avtomobil barədə səhv məlumat daxil edirlər: “Məsələn. şəxsiyyət vəsiqəsinin PİN-kodunu dəyişdirilmiş şəkildə və yaxud avtomobilin nömrəsini tire ilə daxil etdikdə sistem avtomobilin sığortalanmadığını göstərir”.

Mütəxəssis deyir ki, adətən maşının köhnə sahibi tapmaq mümkün olmadıqda da bu üsula əl atırlar. Yəni maşının yeni sahibi özü istədiyi şirkətdə yenidən sığorta etdirmək istədikdə agentlər əvvəlki sığorta ləğv edilməmiş yenisini bağlayırlar. Əslində isə, yeni müqaviləni bağlamaq üçün əvvəlki müqaviləyə xitam verilməlidir. Çünki 2 icbari sığorta müqaviləsi eyni vaxtda qüvvədə ola bilməz. Bəzi sığorta agentlər isə müştərini və gəlirlərini itirməmək üçün bu qaydanı pozur əəvvəlki müqaviləni ləğv etmədən yenisini bağlayırlar.

Bəs müştərilər aldanmamaq üçün nə etməlidirlər? A.Məhərrəmov deyir ki, bunun üçün müştəri ilk növbədə sığorta şəhadətnaməsini diqqətlə yoxlamalıdır: “Baxmalıdır ki, PİN kod düz yazılıb yoxsa yox, eləcə də digər məlumatları- maşının nömrəsi, sahibinin ad-familiyası və s.   yoxlamalıdır. Müştəriyə SMS gəlir, o 9707 xidməti vasitəsilə maşının sığortalanıb-sığortalanmadığını öyrənə bilər. Bundan başqa, müştəri qəbz tələb etməlidir, sığorta agenti ona ödəniş etdiyi haqda qəbzi verməyə borcludur”.

Mütəxəssisin dediyinə görə, qanunvericiliyə dəyişiklikdən sonra maşının sahini dəyişdikdə əvvəlki müqavilə öz müddəti ərzində tam qüvvədə olur: “Hətta, maşın ildə 10 dəfə sahibini dəyişdirərsə belə fərqi yoxdur- sığorta maşına görə və bağlandığı müddətdə qüvvədə olur”.

Mənbə: fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir