Search
shamkir_020216

Şəmkirdə ixrac imkanlarına dair Konfrans keçirilib

Dekabrın 6-da Şəmkirdə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin və sahibkarların iştirakı ilə “Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar” mövzusunda Konfrans keçirilib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiəsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayının azaldılması, sahibkarlara investisiya təşviqi sənədinin verilməsi, sahibkarların hüquqlarının daha da gücləndirilməsi ilə bağlı Apelyasiya Şuralarının yaradılması, yerli istehsalın dəstəklənməsi və ixracın təşviqi üçün tədbirlərin həyata keçirilməsi, regionlarda ailə təsərrüfatlarına dəstək məqsədi ilə “ABAD” mərkəzlərinin yaradılması ilə bağlı mühüm qərarlar qəbul edilib. İxracın stimullaşdırılması dövlət başçısının həyata keçirdiyi iqtisadi strategiyanın mühüm istiqamətlərindəndir və bu sahədə imzalanmış fərman və sərəncamlar qeyri-neft sektorunun inkişafına dəstək olmaqla, ixracın genişləndirilməsində əhəmiyyətlidir. Diqqətə çatdırılıb ki, bu gün keçirilən tədbir çərçivəsində nümayiş olunan rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi ilə təşviqi istiqamətində İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən kompleks tədbirlər görülür.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sahibkarlığın inkişafı ilə bağlı rayonda görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib, belə tədbirlərin sahibkarların maarifləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Konfransda həmçinin, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Ərzaq məhsullarının tədarükü və təchizati” ASC, beynəlxalq biznes assosiasiyaları və yerli şirkətlərin nümayəndələrinin təqdimatları dinlənilib. Sahibkarlarla kənd təsərrüfatı məhsullarının istehsalı və emalının stimullaşdırılması, qeyri-neft məhsullarının ixracının artırılması, ərzaq məhsullarının keyfiyyətinin yaxşılaşdırılması, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınması istiqamətində görülən tədbirlər barədə geniş müzakirələr aparılıb.

Sonra tədbir iştirakçıları regionlarda fəaliyyət göstərən və ixracyönümlü məhsul istehsal edən 30-a yaxın şirkətin iştirakı ilə təşkil olunmuş sərgi ilə tanış olublar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir