Search
photo_18659

Rusiya Ermənistana satdığı təbii qazın qiymətini yenə endirib

Rusiya Ermənistana satdığı təbii qazın min kub metrinin qiymətini 15 dollar ucuzlaşdıraraq, 165 dollardan 150 dollara endirib.

Bunu ölkənin baş naziri Ovik Abramyan rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşünün nəticələrindən danışarkən deyib.

Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar davam edir: “Bunun yekunda istehlakçıya təsiri məsələsi hələ ki, müzakirə olunur”.

O.Abramyan bununla da Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətini 9 faiz ucuzlaşdırdığını vurğulayıb.

Qeyd edək ki, 2015-ci ilin sentyabrında Rusiya ermənilərə satdığı təbii qazın qiymətinin 189 dollardan 165 dollardək endirmişdi. “Qazprom Armeniya” isə təbii qazın min kubmetrini əhaliyə 320 dollara satmaqdadır.

2013-cü ilin dekabrında Rusiyanın “Qazprom” şirkəti ilə “Qazprom Armeniya” arasında imzalanan müqaviləyə əsasən, Rusiya tərəfi 2014-2018-ci illərdə Ermənistana hər il 2,5 milyard kub metr “mavi yanacaq” tədarük etməlidir.

Mütəxəssislər Moskvanın Yerevana təbii qazı son 7 ayda 49 dollar ucuzlaşdırmasını Rusiyanın Ermənistana hərtərəfli yardımının tərkib hissəsi sayır. Çünki bu müddət ərzində əhaliyə satılan təbii qazın qiymətində endirim müşahidə edilməyib.

Mənbə: eurasiadiary.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir