Search
458_pos_devices

POS terminaldan ödənişi geri almaq olar?- “Z” hesabatı

Hal-hazırda mövcud olan kartların POS terminala daxil edilməsi kartların xüsusiyyətlərindən asılı olaraq iki üsulla həyata keçirilir. Plastik kartda yalnız onun uzunu boyu gedən maqnit zolağı olduqda həmin POS terminalın yan tərəfində olan yarıqdan keçir. Kartın üzərində çip varsa POS terminalın aşağı hissəsində olan kəsikdə yerləşdirilir.

POS terminallar modelləri müxtəlif olsa da, həmin aparatlar vasitəsilə aparılan əməliyyatların əsas prinsipləri eynidir. “VeriFone Vx670” aparatı vasitəsilə ümumi POS terminalda aparılan əsas əməliyyatların ümumi prinsiplərinə baxaq:

Ödənişin yerləşdirilməsi:

POS terminalı aktivləşdirmək üçün yaşıl rəngli düymə 10-15 saniyə basılı vəziyyətdə saxlanılır. Aktiv olunduqdan sonra POS terminal ödəniş sisteminə daxil olur və əməliyyatlar üçün hazır vəziyyətə gəlir. Ödəniş əməliyyatını icra etmək üçün bank kartı terminala yerləşdirilir və ekranda ödəniş məbləğini daxil etmə pəncərəsi açılır. Məsələn: 8 manat 35 qəpik məbləğinin ödəmək üçün 8*35 simvolları daxil edilir və yaşıl rəngli düymə basılır. Ardından pin kod daxil edilir. Yaşıl rəngli düymə basıldıqdan sonra ödəniş qəbzinin bir nüsxəsi satıcıya verilir. Təkrar yaşıl rəngli düymə basılan zaman alıcı üçün qəbzin ikinci nüsxəsi çap olunur. Məbləği daxil edərkən hansısa səhv yaranarsa, sarı rəngli düymə ilə səhv yazılan rəqəmlər pozula bilər.

Ödənişin qaytarılması:

Ödəniş məbləğinin tam şəkildə geri qaytarılması mümkündür. Hissə şəklində isə qaytarılması mümkün deyil. Qaytarılma əməliyyatı aşağıdakı ardıcıllıqla davam etdirilir. Menyu pəncərəsində 3 düyməsi basılaraq ləğv etmə – “Cancel” əməliyyatı seçilir. Bank kartı terminala yerləşdirilir. Açılan pəncərədə qəbzin üzərində yazılan “Reference Number” kodu daxil edilir və yaşıl rəngli düymə basılır. Bu zaman POS terminaldan ödənişin ləğvolunma qəbzi çıxır.

“Z” hesabatının çıxarılması:

Menyu pəncərəsində 4 düyməsi basılaraq parol daxiletmə pəncərəsi açılır. Burada 6 ədəd 1 rəqəmindən ibarət olan parol daxil edilir və Z hesabının çıxarılması əməliyyatı həyata keçirilir. Ümumi əməliyyatdan sonra qəbzin çap olunması üçün yaşıl rəngli düymə, əks halda qırmızı rəngli düymədən istifadə edilir. Z hesabatı çıxarılmadıqda ödənilən məbləğ müştərinin hesabından silinir. Lakin satıcının hesabına yerləşmir və müəyyən müddətdən sonra müştərinin hesabına qayıdır. POS terminalı söndürmək üçün qırmızı rəngli düymə 10-15 saniyə basılı vəziyyətdə saxlanılır

Mənbə: Vergilər Nazirliyi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir