Search
vergi-borcu-sorgulama

Onlardan alınan vergi 10 dəfə azaldıldı

Azərbaycanda təyinatına uyğun istifadə edilməyən kənd təsərrüfatı torpaqları üçün nəzərdə tutulan vergi məbləği 10 dəfə azaldılıb.

Bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə təsdiqlədiyi “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.

Qeyd edək ki, mayın 6-da Milli Məclisin plenar iclasında səsverməyə çıxarılan “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsində təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 10 manat müəyyən edilməsi əksini tapıb. Qanun layihəsi müzakirəyə çıxarılan zaman bu məbləğ kifayət qədər yüksək sayılıb, azaldılması təklif edilib. Deputatlar dövlət başçısının bu məsələyə həssas yanaşacağına ümidvar olduqlarını bildiriblər. Spiker Oqtay Əsədov da təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi ilə bağlı məsələnin bir daha dəqiqləşdiriləcəyini bildirib.

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə qüvvəyə minən qanunda Azərbaycanda təyinatına uyğun istifadə edilməyən kənd təsərrüfatı torpaqları üçün nəzərdə tutulan vergi məbləği 10 dəfə az, yəni dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 1 manat müəyyən edilməsi və dövlət büdcəsinə ödənilməsi əksini tapıb. Bu müddəa gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Fərmana əsasən Nazirlər Kabinetinə təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarlarını və qaydasını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etmək də tapşırılıb.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir