Search
384000_483248

Ölkəyə gələn çoxdur, yoxsa ölkədən gedən? – ARAŞDIRMA

Azərbaycanda 2008-ci ildən sonra miqrasiya saldosu müsbətdir və hər dəfə də artır
Son illər xarici ölkələrə üz tutan azərbaycanlıların sayında artım müşahidə olunur. Kimisi iş dalınca xaricə gedir, kimi təhsil almaq üçün başqa ölkəni seçir, kimisi ailə həyatı qurub Azərbaycanı tərk edir. Ancaq ölkədən gedənlərlə yanaşı Azərbaycana daimi yaşamaq üçün gələnlər də az deyil.
Miqrasiya üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, azərbaycanlılar arasında xaricə getmək istəyində olanlar çox olur: “Onlar xaricə getməyin və orada yaşamağın mümkün yolları ilə maraqlanırlar. Bu maraqlar həmişə olub. Sadəcə olaraq belə bir təəssürat yaranır ki, maraqlananlar daha çox getmək istəyənlərdir”.
“Amma məsələnin başqa bir tərəfi də var”,- deyən müsahibimizin sözlərinə görə, Azərbaycana gəlmiş şəxs bura gəldiyini harada bildirir ki? “Bu, ölkəyə gələn şəxsin rəsmi surətdə qeydiyyata düşməsindən sonra bəlli olur. Belə təəssürat yaranır ki, sanki Azərbaycandan getmək istəyənlər gəlmək istəyənlərdən daha çoxdur. Şübhəsiz ki, yaşamaq, təhsilini davam etdirmək, işləmək üçün getmək istəyənlər var”.
Onun dediyinə görə, belə bir stereotip də formalaşıb ki, insanlar onlar üçün daha komfortlu olan yerlərə getməyə çalışırlar. “Reallığa baxanda görmək olar ki, ölkədən gedən bəzi insanların həyatı, güzaranı burda da pis keçmirdi. Amma onlar arasında da xaricdə yaşamaq istəyənlər var. Daha yaxşı həyat axtarırlar”.
Allahverənov bildirib ki, insanlar daim daha yaxşı yaşamaq üçün miqrasiya edirlər: “Bu proseslər bütün dünyada geniş yayılıb. Hətta ölkə var ki, miqrantlar üçün mənşə hesab olunur. Yəni miqrantlar daha çox oradan xaricə emmiqrasiya edir. Ölkə də var ki, məsələn, Kanada, ABŞ və ya Skandinaviya kimi, orada daha çox miqrantlar qəbul olunur. Miqrantlar üçün ora təyinat ölkəsi sayılır”.
Həmsöhbətimizin sözlərinə görə, 2008-ci ilə qədər Azərbaycan ərazisindən gedən insanların sayı ölkəyə gələnlərdən çox olub: “Vaxtilə demiqrantların sayı immiqrantların sayından daha çox idi. Miqrasiya saltosu deyilən bir alət var, o, miqrasiya edənlərin sayını göstərir. O ölkədə ki miqrasiya saldosu mənfidir, deməli, həmin ölkədə yaşayış arzuolunan səviyyədə deyil. Misal üçün, Ermənistanda, Gürcüstanın özündə belə miqrasiya saldosu mənfidir. Amma Rusiyada miqrasiya saldosu müsbətdir. Yəni bu ölkəyə gələnlərin sayı daha çoxdur” deyən A.Allahverənov bildirir ki, Azərbaycanda 2008-ci ildən sonra miqrasiya saldosu müsbətdir və hər dəfə də artır. Dediyinə görə, bu, əvvəllər 0,6 faiz olub, sonra 0,8 faiz, daha sonra müsbət 1,1 faizə çatıb. “Dövlət Statistika Komitəsindən verilən son statistik məlumatlara görə, ölkə ərazisində daimi əsaslarla yaşamaqdan imtina edib qeydiyyatdan çıxıb başqa ölkəyə gedənlərin sayı daha azdır, nəinki Azərbaycana gəlib burada daimi yaşamaq üçün müraciət edənlər. Almaniyada yaşayan ailələr var ki, onlar Azərbaycana qayıdırlar. Kimsə uyğunlaşa bilməyib, kimsə orada mövcud ənənəni qəbul edə bilmədiyindən, kimisi ailədaxili məsələlərə görə ölkəmizə qayıtmalı olub. Rusiyada yaşayan və orada biznes quran ailələr var ki, kapitallarını itirdikləri üçün ölkəyə geri qayıdıblar. Gənclərin başlıca amalı təhsil almaq, işləmək, tez bir zamanda kapital toplamaqdır. Azərbaycanda bunu edə bilənlər öz yaşam tərzlərini davam edirlər. Bunu edə bilməyən və daha çox istəyənlərsə, xaricə üz tutur”.
Onun bildirdiyinə görə, 2014-cü ildə ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı 1900 nəfər, ölkədən daimi yaşamaq üçün gedənlərin sayı 800 nəfər olub. 2015-ci ilin məlumatında da ölkəyə gələnlərin sayında bir qədər artım müşahidə olunur. “2015-ci ildə 2000-dən artıq insan ölkəmizə daimi yaşamaq üçün gəlib”.
Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, vətəndaşlar ölkədə öz potensialından istifadə etmək üçün şəraitin olmadığını görüb xarici ölkələrə üz tuturlar. “Bu gün dünya 20-30 il əvvəlki kimi deyil. İndi Azərbaycandan gedənlərin üz tutduqları ölkələrdə də vəziyyət gərginləşib. Azərbaycanda elə bir şərait yaranmalıdır ki, insanlarımız buranı tərk etməsin, bu fikrə düşməsinlər”.
Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayevin sözlərinə görə, rəsmi statistikanın əksi olaraq ölkədən gedənlər gələnlərdən daha çoxdur: “İşlə bağlı, nikah qurmaq məqsədilə gedənlər var. Hal-hazırda Türkiyədə xeyli azərbaycanlı yaşayır. Tanıdığım 10 ailə var ki, Türkiyəyə yaşamağa gedib”.
Dediyinə görə, işlə əlaqədar başqa ölkəyə üz tutan soydaşlarımızın əksəriyyəti getdikləri yerdə məskunlaşır, həmin ölkəni daimi yaşayış yeri seçirlər: “Bu nöqteyi nəzərdən Azərbaycandan xarici ölkələrə miqrasiya edənlərin sayı daha çoxdur”.
ekspress.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir