Search
photo_61598

Neftin qiyməti düşməkdə davam edəcək

“The Guardian” yazır ki, neft qiymətli və tükənən xammaldır, amma ən azı indilik bazar bu xammalla ağzınadək doludur. Məhz buna görə də neftin qiyməti aprelin əvvəllərindən bəri ən aşağı həddə düşüb. Məqalədə deyilir ki, bu vəziyyət çox böyük bir ehtimalla yaxın gələcəkdə də davam edəcək. Ötən həftə Qərbi Texas markasından olan neft aprelin 6-dan bəri ilk dəfə olaraq 40 dollardan aşağı düşüb. Brent neftinin qiyməti də son üç ayda ən aşağı həddinə çataraq bir barrel üçün 41. 50 dollar olub. Ekspertlər bildirirlər ki, əksinə, neft qiymətlərinin iyun ayında dirçəlməsinə neftin özü ilə birbaşa bağlı olmayan hadisələr səbəb olub. Bura Kanadada yanğınlar, Nigeriya və Liviyada silahlı münaqişə ilə bağlı ixracın azalması və Küveytdə nefçilərin tətili daxildir. LOGIC Advisors firmasından Bill O’Neill deyir ki, indi bütün bu problemlər aradan qalxıb və neftin qiyməti düşməyə başlayıb.
Son vaxtlar qiymətlər niyə dirçəlmişdi?
Ekspertlər deyirlər ki, bir ara neft qiymətlərinin dirçəlməyə başladığına inam yaranmışdı, lakin bu ümidlər puça çıxdı. “The Guardian” yazır ki, buna səbəb ABŞ neftinin qiymətinin bir barrel üçün 50 dollara çatması olub. Bu qiymətlə Amerikada neft hasilatını artırmaq yenidən sərfəli olub və istehsalçılar buruqların kranlarını yenidən açıblar. Üstəlik ekspertlərin fikrincə, son dəfə ABŞ neftinin hasilatı qəfil azalmışdı, lakin innən belə bu cür qəfillik olmayacaq. “The Guardian” yazır ki, bu arada neft ixrac edən ölkələrin OPEC kartelinə daxil ölkələr də istehsalı artırıblar. Proqnozlara görə iyul hasilatı OPEC-in tarixində ən yüksək hasilat olub. Bəzi məlumatlarda bunu İran və Nigeriyada neft hasilatının artması ilə bağlayırlar. Ekspertlər başqa bir qəribəliyə də diqqət yetiriblər. Bir qayda olaraq neftə tələbatın artması onun qiymətlərini də yüksəldir, amma son ucuzlaşma tələbatın artdığı şəraitdə baş verir. Burası da var ki, qarşıdan gələn bir neçə ay ərzində neftə tələbat artmayacaq. Çünki bu dövrdə istilik stansiyaları hələ qış rejiminə keçməmiş olur və əsasən avadanlıq və aqreqatların təmiri və işə hazırlığı ilə məşğul olurlar.
30 dollara düşəcək, 20-ə yox
Ümumi mənzərə isə belədir ki, hazırda Çinin neft idxalı tələbatı yavaşıyıb, Avropa İttifaqında isə Britaniyanın təşkilatı tərk edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənlik var. Ekspertlər deyirlər ki, belə şəraitdə neft alışının artacağını gözləmək məntiqsiz olardı. Mütəxəssislərin fikrincə iyul ayında neft qiymətləri azacıq düşməyə başlayan kimi neft ticarətçilərinin fürsətlənməsi qiyməti bir az da salaraq 40 dollara çatdırıb. “The Guardian” yazır ki, bütün bu səbəblərə görə neft qiymətləri 40 dollardan da aşağı düşə bilər, lakin heç kim qiymətin təkrar 20 dollara düşəcəyini gözləmir. Məqalədə deyilir ki, son 10-15 ildə neft qiymətləri enişdən sonra kəskin yüksəliş yaşayıb, lakin bundan sonra belə bu cür “şıltaqlıqlar” olmayacaq.
Eurasia Diary



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir