Search
photo_75298

Neft qiymətinin stabilləşməsinə ümid etmək lazımdır – Ekspert

Qlobal neft hasilatının təxminən 40 faizini ödəyən OPEK uzun sürən müzakirələrdən sonra hasilatın gündəlik 32,5-33,0 milyon barel intervalında dondurulması barədə anlaşa bildi. OPEK-in anlaşması elə həmin gün neft bazarına təsir göstərdi. Fevraldan bəri ilk dəfə olaraq neftin qiymətində gündəlik 6,5 faiz artım qeydə alındı. Ciddi fikir ayrılıqları olan Səudiyyə ilə İran neft qiymətinin yüksələcəyinə ümid edərək vahid mövqe nümayiş etdirə bildilər.
Bu haqda iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert sözügedən anlaşmanın neft bazarına təsirlərindən söz açıb:
“Əslində, bu anlaşma qlobal neft hasilatının azaldılması deyil, istehsalın tənzimlənməsi kimi xarakterizə edilir. Belə ki, OPEK mövcud hasilat səviyyəsində məhdudlaşdırma tətbiq edəcək. Təbii ki, bu, gələcəkdə hasilatın artırılmasının qarşısının alınması baxımdan OPEK üçün vacibdir. Eyni zamanda, son anlaşma bazar iştirakçılarına bir mesajdır. Bu baxımdan anlaşma artıq bazara təsir göstərib və qiymət artımları müşahidə edilir. Amma sözsüz, OPEK-in bazara çıxardığı neftin həcmində azalma yoxdur və bu gözlənilmir. Çünki dondurulan hasilat mövcud istehsal səviyyəsinə uyğunlaşdırılıb. Aydındır ki, OPEK bu anlaşması ilə daha və ya nisbətən yüksək qiymətlərə ümid edir. Amma ən azı potensial qiymət azalmalarından sığortalanmağa çalışır. Nə OPEK-də, nə də OPEK-dən kənarda yaxın zamanlarda qiymətin kəskin yüksəcələyinə inananların sayı heç də çox deyil. Sadəcə, indiki məqamda qiymətin arzuolunan səviyyədə stabilləşdirilməsi OPEK üçün əsas hədəfdir”.
İqtisadçı hesab edir ki, qeyri-OPEK ölkələrinin də mövqeyi olduqca vacibdir:
“Şimal qonuşumuz olan Rusiya sentyabrda hasilatı əvvəlki aya nisbətən gündəlik 400 min barrel artıraraq 11,1 milyon barrelə çatdırıb. Xəzər qonşumuz Qazaxıstanda isə 50 milyard dollarlıq sərmayə yönəldilən “Kaşaqan” yatağı artıq istifadəyə verilməkdədir. Neftin 1 barrelinin qiyməti 55 dollara çatacağı halda isə ABŞ və Kanadada şist neft hasilatçıları yenidən bazarda aktivləşəcəklər. ABŞ isə hətta yataqlardakı neftini də ixrac etmək niyyətindədir. Bu isə o deməkdir ki, OPEK-in anlaşması ilə yanaşı, təşkilata üzv olmayan ölkələrin də davranışı çox önəmli olacaq. Başqa tərəfdən, bu gün qlobal neft bazarında qeyri-OPEK ölkələrinin payı təşkilat üzvlərinə nisbətən daha çoxdur. Bazara çıxarılan neftin 60 faizi OPEK-ə üzv olmayan dövlətlərin payına düşür. Bu baxımdan hələlik heç də kəskin qiymət artımlarına deyil, qiymətin stabilləşməsinə ümid etmək lazımdır”.
V.Bayramovun sözlərinə görə, Azərbaycan üçün stabil neftin qiyməti dövlət gəlirlərinin və eləcə də ölkəyə daxil olan valyutanın həcminin stabilləşməsi baxımdan vacibdir:
“Gələcəkdə qiymət artımları baş verərsə, bu, ölkəmizə daha çox neft dollarlarının daxil olmasına imkan verəcək. Amma son 2 ilin təcrübəsi göstərir ki, stabil və ya artan qiymətlər istənilən zaman enişlə müşahidə edilə bilər. Çünki qlobal təklifə və hətta tələbə sadəcə iqtisadi deyil, eyni zamanda, siyasi faktorlar da təsir göstərir”.
Qeyd edək ki, OPEK ölkələri 33,24 milyon barrel olan gündəlik neft hasilatını 32,5 milyon barrel səviyyəsində saxlamaq barədə razılığa gəliblər. İran, Nigeriya və Liviya bu qərarı icra etməyəcək.
axar.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir