manat-10

Nazirdən manatın taleyi ilə bağlı açıqlama

“Hökumət bank sektorunda baş vermiş problemlərlə əlaqədar bir sıra tədbirlər görüb və görməkdədir”.
Bunu maliyyə naziri Samir Şərifov deyib.
“Bu tədbirlərdən biri banklarda əmanəti olan əmanətçilərin maraqlarının qorunmasıdır. Bilirsiniz ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul olundu və qüvvəyə mindi. Onu da bilirsiniz ki, Əmanətlərin Sığortalanması Fondunda vəsait çatmadıqda, belə hallar artıq baş verib, Mərkəzi Bank bu fonda kredit verib və o kreditə dövlət zəmanəti təqdim olunub. Dövlət zəmanəti vermək üçün Maliyyə Nazirliyinə səlahiyyət verilib. Bu da dövlətin əmanətçilərə verdiyi dəstəkdir. O ki qaldı xarici valyutada kreditləri olan şəxslərə dəstəyə, bu, borcalan və borcverən arasında olan münasibətlərə bağlıdır. Biz hər iki tərəf üçün, həm əmanətçi və kredit borcu olanlar üçün narahatıq, lakin biz bunlardan birinə yardım etdik, digər tərəfə yardım etmək dövlətə çətin olacaq. “Dövlət öhdəliyi öz üzərinə götürür” demək asandır. Lakin bunun üçün maliyyə imkanları olmalıdır. Biz anlamalıyıq ki, krediti borcu olan məhdud sayda insanların öhdəliyini bütün cəmiyyətin, yəni vergi ödəyicilərinin üzərinə qoyuruq”, – deyə nazir bildirib.
Nazir onu da vurğulayıb ki,  bazar iqtisadiyyatı prinsiplərinə uyğun manatın məzənnəsi öz yerini tapacaq. Bu gün Mərkəzi Bank bu prosesi yaxından izləyir, lazım gəldikdə müdaxilələr edir. Manatın fundamental məzənnəsinin tapılması üçün ölkəyə daxilolmalar və çıxarılan vəsait arasında tarazlıq olmalıdır:
“Bu tarazlıq baş verdikdə manat öz ədalətli məzənnəsini tapacaq. Hal-hazırda ölkəyə valyuta daxilolmaları bir qədər azalıb. Buna baxmayaraq, Mərkəzi Bank nəticəsində keçirilən iki devalvasiya nəticəsində manatın məzənnəsinin ədalətli məcraya yönəltmək istiqamətində işlər görmək mümkün olub. Bu proses bir neçə faktordan asılıdır. Bizim əsas ixrac məhsulumuz olan neftin qiyməti manatın məzənnəsinə təsir edir. Biz çalışmalıyıq ki, idxal əməliyyatlarımız azalsın. Digər tərəfdən biz ölkəyə daha çox valyutanın daxil olmasına çalışmalıyıq. Bizim ənənəvi ixrac məhsulumuz olan neftlə yanaşı, yeni rəqabətqabiliyyətli məhsulların xarici bazarlara çıxarılmasına çalışmalıyıq. Bu vəzifələr tədricən həll olunduqca, manat nəinki ədalətli məzənnəsini tapacaq, hətta möhkəmlənəcək”.
APA



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir