Search
anal

Milli iqtisadiyyatın aktivlik durumu

2014-cü ilin ortalarından neft qiymətinin sürətlə düşməsini müşahidə etdik. Buna baxmayaraq 2016-cı ilin ilk rübündə neft qiymətlərinin yenidən kəskin qalxacağını böyük ümidlə gözləyirdik. Aylar keçsədə görürük ki, neft qiymətində optimistik gözləntilər özünü doğrultmadı. Hər gün bu barədə yeni bir xəbər eşidirik. Bu xəbərlərin bir qismində neftin kəskin bahalaşacağı qeyd olunsada, bir qism müşahidəçilər neftin daha da ucuzlaşacağını qeyd edirlər. Neft qiymətlərində kəskin dəyişmələr iqtisadiyyata mənfi mənada yansısa da, iqtisadiyyatımızın dayanaqlı və stabil inkişafının qorunması bizlərdən, yəni insan resurslarımızdan daha çox asılı olduğunu düşünürəm. Çünki, neftin qiymətinin qalxmasını gözləmədən sahibkarlar artıq müxtəlif sahələrdə yeni –yeni təşəbbüslər göstərməyə başlayıblar və o sahəyə investisiyalar cəlb etməyə çalışırlar. Mən də aşağıda 2016-ci il üçün Azərbaycanda müşahidə edilən və ediləbiləcək mahiyyətcə “köhnə” ancaq formaca yeni olan iqtisadi aktivlik trendlərini sıralamağa çalışacam.  Beləliklə:

1. Tikinti-inşaat sektoru

Neftdən gələn böyük gəlirlərdən sonra ölkədə inşaat sektorunun sürətli inkişafını müşahidə etdik. Bu illər ərzində bu sektor ilə əlaqədar birbaşa və ya dolayı yolla bir çox şirkətlər yaranmışdır.  Bu müddət ərzində inşaatların bir qismi yerli sahibkarlar və dövlət tərəfindən həyata keçirilmişdir. Bununla əlaqədar olaraq neftin qiymətinin ani düşməsi bu sahəyə qısa zamanda və sürətli şəkildə təsir etdi. Sürətli təsir etməsinin səbəblərindən biri kimi inşaat sektorunun xarici sərmayə cəlb edə bilməməsi qeyd edilə bilər.

İnşaat sahəsində olan durğunluq özü ilə bərabər işsizliyin yaranmasına və rayonlardan gələn işçi axınının kəskin azalmasına səbəb olmuşdur.

2. Kənd Təsərrüfatı

Tikinti sektorunda baş verən durğunluq ilə insanların regionlara qayıtması kənd təsərrüfatına diqqəti daha da artıra bilər və regionların inkişafına dəstək olar bilər. Son dövrlər ərzində Rusiyaya tətbiq olunan sanksiyalar və Rusiya bazarının kənd təsərrüfatı tədarükçüləri arasında ciddi paya sahib olan Türkiyə ilə aralarında olan soyuq münasibət Azərbaycan üçün bir şans kimi dəyərləndirilir. Bu sahə kifayət qədər əmək və elm tutumludur. Bu sahə daxilində əsas trendlərdən biri də bu sahə üzrə təhsil almış ixtisaslı kadr axtarışlarıdır. Kadr axtarışı nə qədər uzun çəkərsə bu sahə insanlarının maaşlarının artmasına səbəb olacaqdır. İkinci trend isə bu sahədə çalışmaq istəyən gənclərin sayının çoxalması ehtimalı ilə əlaqədardır. Uzun müddətdir ki, bu sahə təhsil almış məzunlar üçün maraqsız sayılsa da artıq kənd təsərrüfatının ölkə iqtisadiyyatının prioritet sahəsinə çevrilməsi bir çox gənc peşə ixtisas sahiblərinin marağına səbəb ola bilər. Növbəti məqalələrdə hər bir sahə haqqında ətraflı şəkildə məlumat veriləcək.

3. Yerli İstehsal

Neft qiymətlərinin kəskin düşməsindən sonra bir çox neft ixrac edən ölkələrin, həmçinin Azərbaycanın, milli valyutalarının kəskin ucuzlaşmasına səbəb oldu. Milli valyutanın ucuzlaşması isə öz növbəsində yerli məhsulların ixrac etmə imkanlarını artırdı. Bu baxımdan, iqtisadçı ekspertlərin dediyi kimi böhran həm də fürsətdir.  Məqaləmin ikinci trendi yerli istehsal olaraq qeyd edilməsində yanılmaram. Daha əvvəllər bir çox məhsulları idxal etmək daha ucuz hesab olunurdusa manatın dəyərdən düşməsi ilə bəzi məhsulların daxildə istehsalı sahibkarlar üçün daha sərfəli olmağa başladı. İstehsal dildə nə qədər asan səslənsə də bu sahə elm tutumlu sahədir. İstehsal yönümlü sahələr üzrə ixtisaslı kadrların tapılması hal hazırda çətindir.  Ağır sənayenin inkişafı bu baxımdan zaman alacaq.

Yerli istehsal trendi ilk olaraq yerli geyim, mebel və s. bu kimi sahələr üzrə başlanması prioritet olaraq gözlənilir. Bunun ilk nümunələrini artıq bir çox klassik kişi geyimlərində müşahidə etmək olar. Hal hazırda dərzi məntiqi ilə işlərinə davam edənləri qarşıdakı günlərdə çətin günlər gözləyəcək. Buna görə dərzilər arasından markalaşma başlaması müşahidə olunacaq. Bu markalaşma yalnız reklam ilə deyil, tikdiyi geyimlərin standartlarını formalaşdırmaqla da baş verməlidir. İşin reklam tərəfi isə zamanla özü tələb-təklifə uyğun olaraq genişlənəcək. Bu prosesin daha sürətli inkişaf etməsi üçün “vergi istlahatlarına” ehtiyac olacaq. Mebel sahəsində isə işlər geyimə nisbətən daha fərqlidir. Geyimə nisbətən mebel  sənayesində ixtisaslı kadrlar tapılması mümkündür.  Ən böyük problemlərdən biri mebel sahəsində standartların yazılı formada deyil, sahibkarın “beynində” olmasıdır.

4. Konsept Restoranlar / Kafe / Çayxanalar

Bu bölməyə aid olanlar arasından rəqabət artıq uzun müddətdir başlayıb və böhrandan sonrakı dövrdə daha da gərginləşməsi gözlənilir. Çünki, bu sahə nisbətən orta gəlirli insanlarında daxil ola biləcəyi sektor olduğu üçün potensial müştəri bazası böyükdür. Bununla yanaşı olaraq bizim “yeyib-içmək” ənənəmizin olması bazarda müştəri potensialının əsas göstəricisidir.  Bu səbəblə bu sektor bir çox investorlar üçün daha cəlb edici hesab oluna bilər.  Restoranların sayında artım rəqabətin daha da dərinləşməsinə səbəb olacaq. Bu dövr ərzində bir çox restoranlar/ kafe sahibləri fərqlənmək üçün maraqlı addımlar atacaq. Bu addımlar arasından maraqlı kampaniyaların, fərqli konseptli restoranların açılması və s.  addımların atılması  müşahidə olunacaq.

5. Xaricdə Təhsildən – Təlimlərə (Beynəlxalq sertifikatlara)

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”-nın qəbul edilməsi ilə xaricdə təhsil almaq tələbələrimiz arasından trend halını almışdır. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu trend universitet adları arasından rəqabətə deyil daha çox ölkə adları arasından olan rəqabətdə “qaldı”.  Bununla yanaşı olaraq xarici dil kursu üçün xarici ölkələrə getmək artıq daha baha başa gəlir.  Bu boşluğun doldurulması üçün xaricdə dil kurslarına getmək trendi yerinə yerli müəllimlərdən öyrənməyə, xarici konfransların yerli forumlar ilə əvəz olunmasını müşahidə edə biləcəyik.

Xüsusilə təlimlər barəsində qeyd etmək istərdim ki,  daha çox marketinq və satış sahələri üzrə təlimlərin artdığını müşahidə edə bilərsiniz. Təlimlərin nə qədər çox olması düşünürəm ki, müştərilər üçün seçim bolluğu deməkdir.  Artıq bir sahə üzrə müxtəlif təlimçilərin arasından seçim etmək imkanı müştəri üçün gözəl fürsətdir. Xaricdə hər hansı kiçik bir kursda iştiraka ödəniləcək məbləğ ilə Azərbaycanda bir illik təhsil  (elm) “tələbatını” tamamlamaq mümkündür. Hal hazırda bazarda daha çox İT, Marketinq , Maliyyə və s. sahələr üzrə təlimlər daha çox olsa da 2016-cı ildə fərqli sahələr üzrə də təlimlərə başlanması, mövcud təlim şirkətləri arasında da markalaşmanın daha da güclənməsini müşahidə edə biləcəyik.  Daha dəqiq olaraq desək yuxarıda qeyd etdiyimiz kimi kənd təsərrüfatı və xidmət sektorunun yeni nəfəs qazanması  peşə yönümlü təlimlərə tələbatı artıra bilər.

6. Satışdan – Müştəri Xidmətlərinə

Neftən gələn gəlir ilə xalqın varlanması istehlakçı davranışlarında ciddi dəyişiklikləri də özü ilə bərabər gətirdi. Sovet dövründə məhdud sayda avtomobil sahibi olan xalq anidən hərəyə bir avtomobil sahibi oldu. Varlanan Azərbaycan bazarı məşhur restoran, geyim, hotel və sair dünya markaları üçün cəlb edici olmağa başladı. Son on il ərzində xüsusilə Bakıda açılan mağazalar, hotelleri və s. ticarət obyektlərini müşahidə etdik. Hətta yalnız məhsul deyil xidmətlərin belə Azərbaycana gəlməsini müşahidə etdik. Supermarketindən bərbərə qədər qlobal markalar gəldi. Brendlərin Azərbaycanda gəlməsi ilə birlikdə bazarda brend menecerler, satış  menecerleri artmağa başladı.

Hər bir şirkət ölkəyə gələn gəlirdən pay almaq üçün ciddi rəqabətə girdilər. Hər bir rəhbər və investor daha çox satış və daha çox gəlir prinsipi ilə işlərini davam etdirdilər. Böhran ilə birlikdə bu ani mənfəət “köpüyü” düşməyə başladı.  Şirkətlərimiz əsas gəlir mənbəyini  satış üzərində qurduğu üçün satışların düşməsi ilə böhran vəziyyətinə düşdülər.  Hələ də bir çox rəhbərlər daha “güclü” satış təmsilçiləri axtarışındadırlar. Amma işə daha fərqli baxıb, ayaq üstə qala bilmək üçün  mövcud müştərilərin əldə saxlanılması əsas amil kimi görənlər də az deyil. Yeni trend daha çox satıb daha çox gəlir etmək əvəzinə stabil satış edib, müştərini daha çox özündə saxlaya bilmədir.  Müştərini daha çox özündə saxlaya bilmək ciddi CRM (Customer Relationship Management) bazasının mövcud olması və idarə edilməsini tələb edəcək.   Demək olar ki, hansı mağazaya girib kiçik bir şey alırsınızsa sizin məlumatları əldə etməyə çalışırlar. Hər bir şirkət müştərini daha çox özündə saxlaya bilməsi üçün yeniliklər axtarışındadır. Bu trend biraz ləng inkişaf etsədə il sonuna doğru daha da sürətlənəcək.

7. Təcrübə Proqramları (Könüllü proqramlar)

Müşahidə etdiyim trendlər arasında məşğulluq barəsində  qeyd etmək istərdim.  İşə götürmə barəsində yeni başlamış trend olaraq Təcrübə Proqramlarını (İnternship) qeyd etmək olar. Əslində əksər şirkətlərdə mövcud olan təcrübə proqramları Sovet vaxtından universitet təhsilinin  bir parçası olaraq qəbul edilmiş və indiyə qədər tətbiq edilir. Məsələ işin kağız üzərində olması deyil real bazarda olan tələb və təklifdir. Bu sahədə uzun illərdir bazarda kifayət qədər tələbələr tərəfindən tələb olsada tələbi qarşılacayaq real təklif çox az olmuşdur.

Şirkətlər böhranın ilkin mərhələsi olaraq ixtisarlar etməyə üstünlük vermişlər.  Bu prosesi digər ölkələrində tarixində görə bilərik. Böhran baş verdiyi andan hər bir şirkət “artıq” yük götürmək əvəzinə işçiləri ixtisar edib müəyyən qədər zaman qazanmağın tərəfdarıdır. Amma şirkət daxilində müəyyən işlər var ki, onların görülməsi üçün böhran vaxtı işçi götürülməsi xərc kimi görülsədə bu işlər kimsə tərəfindən edilməlidir. Və bu zaman ərzində artıq  təcrübəsi olan və ya könüllü işçi əməyinə tələbin yaranmasına səbəb olur. Ona görə son zamanlarda şirkətlər tərəfindən təcrübəçi və ya könüllülərin cəlb edilməsini  trendi müşahidə edə  bilərik. Bu trendin daha sürətlə inkişaf etməsi üçün şirkətlərin  “İnsan Resursları” rəhbərləri tərəfindən ciddi addımlar atılmalıdır. Təcrübə proqramının tətbiqi bir neçə ilə qədər demək olar ki, xarici şirkətlər tərəfindən həyata keçirilirdisə artıq yerli şirkətlərimiz təcrübə proqramlarını tətbiq etməyə başlamışlar. Məlumatların geniş kütləyə çatdırıla bilinməsi üçün son zamanlarda yeni saytlar, universitetlərin karyera mərkəzləri aktiv fəaliyyətdədirlər. Bu trendin formalaşması üçün yaxın zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən http://www.karyera.edu.az– portalı tələbələr üçün istifadəyə veriləcək.

8. Ucuz səyahətlər və daxili turlar.

Böhranın müsbət təsir edəcəyi əsas sahələrdən biri də daxili turizmdir. Daxili turizm imkanlarının təbii olaraq genişlənməsi üçün əla fürsət yaranıb. Daha əvvəl səyahət etmədən öncə xaricdə alınacaq tur paket ilə bölgələrimizdən birində bir neçə günlük istirahəti müqayisə etdikdə xarici turlar daha sərfəli idisə, bu il üçün bunu demək çətin olacaq. Daxili turizmdə əsas rəqib olaraq Gürcüstan bazarını qeyd edə bilərik.  Bu bazar kifayət qədər Azərbaycanlı turisti cəlb edə bilir. Son zamanlarda fəaliyyətə başlayan AZALJET və Pegasus hava yolları daha ucuz qiymətlər təklif etsə də bu ilin turizm trendi daha çox daxili turlar olması gözlənilir.  İş sezonun ən uzun bayramı hesab olunan Novruz bayramında bunu bir daha müşahidə etdik. Xarici ölkələrə nisbətən daxili turlara maraq daha çox üstünlük təşkil etdi.

2015 və 2016-cı illərin ilk rübünü müqayisə etdikdə keçən illərə nisbətən ölkəyə gələn turist sayısında artımları müşahidə edirik. Gələn turistlər ilk bir nəçə illər ərzində Bakı şəhəri seçim olaraq ilk sıralarda yer alacaq,  daha sonra isə atılacaq addımlar ilə turistlərin digər regionlara cəlb edilməsi gözləniləcək. *

* Turizm göstəriciləri- Azərbaycan Respublikası Statistika Komitəsi və Azərbaycan Respbulikası Mədəniyyət və Turizm Nazirliyinin göstəricilərinə əsasən qeyd edilmişdir. (Link: http://www.stat.gov.az/source/tourism/)

Qeyd: Qeyd etmək istərdim ki, trendlərin hazırlanması müşahidələrimə əsaslanaraq qeyd edilmişdir.  Müşahidələrin əsas mənbələrindən biri kimi banklar tərəfindən verilmiş kreditlər əsas alınmışdır.

Anar Quliyev

Marketinq eksperti

talk@anarguliyev.com

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir