Search
08

Millət vəkilləri Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar

Azərbaycan Respublikası Prezidentinin sənayeləşmə siyasəti çərçivəsində innovativ və müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələri yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsullarının istehsalı artır. Qeyri-neft sənayesinin davamlı inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye zonaları mühüm əhəmiyyət kəsb edir.

05

Oktyabrın 26-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə və Komitənin üzvləri Sumqayıt Kimya Sənaye Parkında olublar. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə rellaşdırılan səfər zamanı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkının ofisində görüş keçirilib, SKSP-də görülən işlər bardə məlumat verilib, təqdimat keçirilib.

06Görüşdə Sənaye və Sosial zonalardan ibarət olan və ümumi ərazisi 295,62 hektar təşkil edən Sumqayıt Kimya Sənaye Parkı, parkda investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verilib. Bildirilib ki, sənaye parkının yeraltı və yerüstü infrastrukturu, o cümlədən yeraltı qalereyalar, ərazidaxili kommunikasiya xətləri, sosial obyektlər, daxili avtomobil və daxili dəmir yol xətləri dövlət büdcəsi tərəfindən maliyyəşdirilir. Artıq sənaye parkında xarici elektrik verilişi və yeraltı kommunikasiya xətlərinin tikinti-quraşdırma işləri başa çatıb. Hazırda Sənaye Parkının daxili avtomobil yollarının, Peşə Tədris Mərkəzinin, ərazidaxili elektrik xətlərinin, 110/35/6.3 kV-luq yarımstansiyanın tikinti-quraşdırma işləri davam etdirilir. Yarımstansiyanın tikintisi bu ilin noyabrında tamamlanacaq. Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda 9 şirkətə rezident statusu verilib. Bu rezidentlərin layihələri əsasında cəlb edilmiş investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcəkdir. İnfrastruktur işləri ilə yanaşı, sənaye parkına yeni rezidentlərin cəlb edilməsi və parkın təbliği istiqamətində işlər davam etdirilir. Birinci mərhələ üzrə SKSP-də 5-7 min yeni iş yerinin yaradılması nəzərdə tutulur.

04

Qeyd olunub ki, sənaye parklarında rezidentlərin qeydiyyatının “bir pəncərə” sistemi ilə həyata keçirilməsi, rezidentlərin 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olması bu parkların üstünlüklərindəndir. Bütün bunlar isə investisiya layihələrini daha səmərəli edir.

Hazırda SKSP-də geniş infrastrukturun və müasir Sosial zonanın yaradılması işləri davam etdirilir.03

Qonaqlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində ümumi sahəsi 10 660 kv.metr təşkil edən Peşə Tədris Mərkəzi ilə də tanış olublar. Burada 500 nəfər təhsil alacaq. Mərkəzdə auditoriyalar, fənn və peşə otaqları, kitabxanalar, yaradıcılıq otaqları, tibb məntəqəsi, təqdimat otağı, arxiv, muzey, akt zalı, laboratoriyalar, yeməkxana və s. olacaq.

Eyni zamanda Mərkəzdə sənayenin müxtəlif istiqamətləri üzrə (kimya, inşaat, mexatronika və s.) peşə hazırlığı həyata keçiriləcək. Tədris Mərkəzinin işini Avropa standartlarına uyğun qurmaq məqsədilə Almaniya təhsil sisteminin kurikulumlarına müvafiq olaraq “Paralel təhsil” (“dual education”) modeli tətbiq olunacaq. Tədris prosesi təhsil-təcrübə-tətbiqetmə ardıcıllığı üzrə həyata keçiriləcək. Mərkəzdə təhsil alanların əldə etdikləri biliklərin təcrübədən keçirilməsi üçün emalatxanalarda lazımi şərait yaradılması nəzərdə tutulub.

01

Bundan başqa, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri və onların istehsal edəcəkləri məhsullar, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları haqqında məlumatlar millət vəkillərinin diqqətinə çatdırılıb. Məlumat verilib ki, ümumilikdə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunacaq müxtəlif sənaye məhsulları, o cümlədən polipropilen, yüksək sıxlıqlı polietilen, şüşə lövhələr, ferroərintilər, yüksək təzyiqə davamlı xortum və fitinq, inşaat qatqıları üçün xammal və hazır məhsulların Avropa və MDB ölkələrinə ixracı nəzərdə tutulur.

Sonra qonaqlar sənaye parkının ərazisində aparılan tikinti işləri, parkın ilk rezidenti olan “Azertexnolayn” MMC-nin istehsalat müəssisələri, Aqrokimya Azərbaycan” MMC, eləcə də “SOCAR Polymer” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar. Qonaqlara məlumat verilib ki, “Azertexnolayn” MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik polad boru, qofralı boru, fitinqlər, metal konstruksiya, metal hasar və s. məhsullar istehsal edir. “Azertexnolayn” MMC-yə məxsus Polad Boru Zavodu, Polietilen Məmulatları Zavodu və Hidrotexniki Avadanlıqlar zavodlarında 700 nəfər işlə təmin olunub. Hazırda burada istehsal olunan məhsulların 75 faizi ixrac olunur. Artıq “Azertexnolayn” MMC tərəfindən bu ilin 9 ayında istehsal olunmuş 47 milyon manat həcmində müxtəlif borular, mexaniki və hidrotexniki avadanlıqlar “Made in Azerbaijan” brendi ilə xaricə ixrac edilib.

“SOCAR Polymer” MMC tərəfindən isə sənaye parkının ərazisində polipropilen zavodunun tikintisi davam etdirilir. Bildirilib ki, artıq ərazidə polipropilen istehsalı üçün lazım olan bütün obyektlərin tikintisinə başlanılıb. Hazırda tikintidə 1100 nəfər çalışır. Yüksəksıxlıqlı polietilen istehsal edən zavodun inşasına başlandıqdan sonra isə tikintidə çalışanların sayı 1500 nəfəri ötəcək. Sumqayıt şəhər sakinlərinin tikinti işlərinə cəlb edilməsinə xüsusi önəm verilir. Layihənin investisiya dəyəri 750 mln. ABŞ dollarıdır. Polipropilen zavodunun 2017-ci ilin sonu, yüksəksıxlıqlı polietilen zavodunun isə 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur. “SOCAR Polymer” layihəsi son 40 ildə bu sahədə miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir.

Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi “Aqrokimya Azərbaycan” MMC isə Türkiyə, Almaniya, ABŞ və İtaliya texnologiyası əsasında ildə 57 min ton maye halında və min ton toz halında pestisidlər istehsalını həyata keçirəcək. Layihə dəyəri 16 mln. dollar olan zavodun fəaliyyətə başlaması ilə 100 nəfər daimi işlə təmin olunacaq.

Hazırda SKSP-nin 4 rezidenti – “SOCAR Polymer”, “Aqrokimya Azerbaijan”, “Ferro Ərintilər zavodu”, “MST Engineering” tərəfindən istehsal sahələrinin tikinti-quraşdırma işləri aparılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir