Search
AMB

Mərkəzi Bank kompensasiya üçün kredit ayıracaq

Yaxın günlərdə Azərbaycan Mərkəzi Bankı (AMB) Əmanətlərin Sığortalanması Fonduna (ADIF) kredit ayıracaq. Bu barədə çərşənbə günü jurnalistlərə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.

“ADIF kredit almaq üçün Mərkəzi Banka müraciət edib və hazırda bu məsələyə baxılır. Yaxın günlərdə AMB tərəfindən qərar qəbul ediləcək”, – deyə E.Rüstəmov “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.

Bununla belə, o, kreditin dəqiq məbləğini səsləndirməyib. “Vəsaitin həcmi hələ müəyyən olunmayıb, lakin fondun tələbatı tam ödəniləcək”, – deyə E.Rüstəmov əlavə edib.

Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-fevral aylarında lisenziyaları ləğv edilmiş 4 bankın əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ADIF-in öz ehtiyatları kifayət etmir. “Bank of Azerbaijan”ın əmanətçilərinin qorunan əmanətləri üzrə kompensasiyanın həcmi 24,2 mln. manat, “Gəncəbank”ın əmanətçilərinin əmanətləri üzrə 1,5 mln. manat, “United Credit Bank”ın əmanətçilərinin əmanətləri üzrə 2,7 mln. manat, “Texnikabank”ın əmanətçilərinin əmanətləri üzrə 123,2 mln. manata yaxın qiymətləndirilir. Bununla belə, 2015-ci ilin sonuna ADIF-in sığorta ehtiyatları 132 mln. manat təşkil edib.

Bu günə olan məlumata görə,“Bank of Azerbaijan”, “Gəncəbank” və “Texnikabank”ın əmanətçiləri artıq 90 mln. manatdan çox kompensasiya alıblar

Mənbə: İnterfaks-Azərbaycan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir