Search
avto

“Maşını bankın üstünə atıb gedirlər” – GİROV MAŞINLAR NECƏ SATILIR?

Son bir ildə Azərbaycanda krediti qaytarılmadığına görə, banklar tərəfindən hərraca çıxarılan girov avtomobillərin sayı 15-20% artıb. Bu barədə fins.az-a açıqlamasında “Daşınar və daşınmaz əmlakların satışı üzrə hərrac mərkəzi” MMC-nin direktoru Ramil Abbasov məlumat verib. Onun sözlərinə görə, artım əsasən dollarla kredit verilmiş minik avtomobillərinin hesabınadır: “Devalvasiyadan sonra kreditlə aldığı maşının pulunu ödəyə bilməyənlər çoxalıb. Problem daha çox dollarla bağlıdır. Manatla ödəniş artıb deyə ödəyə bilmirlər. Bəzi müştərilərin avtomobillərini bank tutub əllərindən alır, müsadirə edir. Elə adamlar da var ki, maşını bankın üstünə atıb gedirlər». Direktor bildirir ki, bütün girov əmlakların təxminən yarısı avtomobillərdir.

Maşınlar çətinliklə satılır

Müsadirə etdikləri maşınları sata bilməyən banklar bu məsələdə hərrac mərkəzinin xidmətindən yararlanırlar. Bununla belə, Ramil Abbasov deyir ki, girovları satmaq elə də asan deyil. Alıcılıq qabiliyyəti zəiflədiyi üçün hətta hərracda da nadir hallarda real alış təklif olur. Onun sözlərinə görə, girovlar bankın müəyyən etdiyi dəyərin 64%-nə bazara təklif olunur: “Qanun belədir ki, 15% güzəştlə hərracda satılmalıdır. Əgər alan yoxdursa, güzəştli məbləğin 25%-i qədər də biz güzəşt edirik. Maksimum maşının dəyərinin 64%-nə satırıq. Amma bu qiymətə də satmaq çətindir. Bazarda durğunluqdur. Potensial alıcılar da gözləmə mövqeyindədir, maşınların daha da ucuzlaşacağını düşünüb almağa tələsmirlər”.

Maşının  pulu borcu tam bağlamaya bilər

Bəzi hallarda hərracda satılan maşınların pulu bankın krediti bağlamağa kifayət etmir. Ramil Abbasovun sözlərinə görə, əgər maşın satılandan sonra əldə edilən məbləğ hesabına banka borc tam bağlanmırsa, o zaman qalan məbləğ üçün məhkəmədə yenidən iddia qaldırılır: “Qalan borcu almaq üçün kreditorun əmlakı varsa ona  həbs qoyulur, ya da hardasa işləyirsə maaşından tutulur. Son nəticədə həmin borc tam ödənilmiş olur”.

Müştərilərdən alınan maşınların markaları bunlardır

R.Abbasov girov kimi satışa çıxarılan avtomobillərin markasını da açıqlayıb. Onun sözlərinə görə, banklara əsasən “KİA”, “Hyundai”, “Chevrolet” markalı avtomobillərin ucuz variantları (10-15 min manatlıq) problem yaradır: “Əhali daha çox təzə maşın kimi bunlardan alıb. Ona görə də, hərraca çıxarılan avtomobillər arasında da həmin markalar çoxdur”.

«Əvvəllər müştərilər maşina xətər yetirirdilər»

Vaxtilə Azəbaycanda banklar krediti vaxtında ödəməyən müştərinin əlindən maşını almaq istəyəndə onu normal vəziyyətdə müsadirə edə bilmirdi. Problemli müştəri avtomobilin əlindən çıxacağını görüb qəsdən onun detallarına xətər yetirir, üstünü cızırdı. İndi isə belə hallar yox dərəcəsindədir. Ramil Abbasovun sözlərinə görə, banklar müsadirə barədə qərar verəndə işlərini ehtiyatlı tuturlar: “Bank görəndə ki, kreditin ödənilməsi ehtimalı azdır, maşını qəfildən, elə sürdüyü yerdə müştəridən alır. Ya iş yerindən gedir götürürlər, aparırlar, ya da yol polisinə xəbər verib elə yoldaca, evinin yaxınlığında saxlayırlar, maşını götürürlər. Buna görə də, avtomobilə adətən ziyan vurulmur”.

Hərraca çıxarılan girov evlər də artıb

Avtomobillərlə yanaşı, son 1 ildə hərraca çıxarılan girov mənzillərin də sayında təxminən 10% artım var. Ramil Abbasov deyir ki, bunlar əsasən evini girov qoyub bankdan dollarla borc götürənlərdir: “Devalvasiyadan sonra belələri ödənişdə çətinliklə üzləşiblər, ona görə də banklar girov mənzili müsadirə edərək satışa çıxarır. Avtomobillər kimi bunları da eyni qaydada satırıq”.

“Vergi sahəsində sakitçilikdir”

Hərrac predmeti olan fərdi şəxslərə məxsus avtomobillər və evlər artsa da, sahibkarların əmlakının müsadirə olunması halları yox dərəcəsinə enib. Ramil Abbasov deyir ki, son vaxtlar vergi orqanları iş adamlarının yoxlanmasını dayandırdığı üçün mağazaların, onların içindəki avadanlıqların müsadirə edilməsi, hərraca çıxarılması halları yoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir