Search
591117_484044

Manata olan etimad sarsılıb – İqtisadçı ekspert

Ekspertlər bildirirlər ki, hökumətin iqtisadi bloku milli valyutanın məzənnəsinin strateji valyuta ehtiyatlarının tükənməsi hesabına müvəqqəti və perspektivsiz şəkildə qorunmasına getməyəcək…
Mərkəzi Bank valyuta hərraclarını davam etdirir. Ekspertlər bu addımları manatın məzənnəsinin sabit saxlanılması üçün edilən cəhd kimi dəyərləndirirlər. İki gün əvvəl keçirilən valyuta hərracına satışa 150 milyon ABŞ dolları çıxarılıb. Hərrac nəticəsində dolların rəsmi məzənnəsinin bir qədər də ucuzlaşacağı, kommersiya banklarında dolların alış məzənnəsinin rəsmi məzənnədən də aşağı düşəcəyi gözlənilir.
Qeyd edək ki, Qurban bayramında əvvəl Mərkəzi Bank 100 milyon, Neft Fondu isə 200 milyon dollar hərraca çıxarmışdı. Bundan sonra da manatın məzənnəsi sabitləşməyə, hətta bir qədər bir qədər qalxmağa başlamışdı. Ekspertlər bildirirlər ki, Mərkəzi Bank durumun daha da pisləşəcəyindən, tam nəzarətdən çıxacağından çəkinərək bu addımı atmışdı. Yəni bununla hökumət ajiotajı səngirmək və təxminən iki ay müddətində valyuta bazarında sabitlik yaratmaq istəyir.
Ekspert Elşad Məmmədov məsələ ilə bağlı açıqlamasında bildirib ki, son aylarda keçirilən valyuta hərraclarına nəzər salsaq görərik ki, dollar təklifi baxımından Mərkəzi Bankın həmin hərraclarda iştirakı minimuma enib, dollar təklifinin hərraclara çıxarılması baxımından əsas yük  Neft  Fondunun üzərinə düşüb: “Bildiyimiz kimi, Neft Fondunun büdcə qarşısında müəyyən olunmuş səviyyədə  öhdəlikləri var və bu qurum o öhdəliklərdən artıq həcmdə dolların satılmasında maraqlı görünmür. Bu öhdəliklər Neft Fondu tərəfindən hərraclarda 1 ayda 400-500 milyon dolların satışa çıxarılmasını nəzərdə tutur. Lakin son aylarda dollara ölkə daxilində tələbat bu göstəricilərdən 2-3 dəfə artıq olub. Bunun səbəbləri həm tədiyyə balansının göstəricilərində olan neqativ tendensiyalar, həm də psixoloji cəhətdən dollara ölkə daxilində tələbatın kəskin şəkildə artmasıdır. Belə olan halda, valyuta  bazarında milli valyutanın məzənnəsinin möhkəmləndirilməsi üçün hər ay təxminən ən azı 1 milyard dolların bazarda satışa çıxarılması tələb olunur. Bu isə ölkənin strateji valyuta ehtiyatlarının kəskin şəkildə azalması kimi arzuolunmaz  nəticələrə səbəb olacaq. Hesab edirəm ki, Mərkəzi Bank və bütövlükdə hökumətin iqtisadi bloku milli valyutanın məzənnəsinin strateji valyuta ehtiyatlarının tükənməsi hesabına müvəqqəti və perspektivsiz şəkildə qorunmasına getməyəcək. Bu istiqamətdə hökumətin iqtisadi blokunun devalvasiyaya ehtiyatla yanaşmasının əsas səbəbi milli iqtisadiyyatın strukturu ilə bağlıdır. Belə ki, ölkədə daxili bazarın, istehsal proseslərinin və ümumilikdə, makroiqtisadi durumun idxaldan və dollardan asılılığının yüksək olması iqtisadi bloku bu sahədə çox  ehtiyatlı iqtisadi siyasət aparmağa məcbur edir. Lakin iqtisadi reallıqlar ölkədə makroiqtisadi sabitliyə, real sektorun və ümumilikdə  iqtisadiyyatın dayanıqlı inkişafına nail olunması üçün milli  valyutanın məzənnəsinin bazardakı vəziyyətə uyğun olaraq  müəyyənləşdirilməsini tələb edir. Düşünürəm ki, ilin sonuna  doğru bu istiqamətdə müvafiq addımlar atılacaq”.
Ekspert Əkrəm Həsənov isə bildirib ki, devalvasiya təhlükəsi sovuşmayıb: “Uzunmüddətli perspektivdə devalvasiya onsuz da qaçılmazdır. Səbəb də sadədir: dollar gəlirlərimiz azalan xətlə gedir, buna görə də dolların bahalaşması labüddür. Süni yolla müvəqqəti dayandırmaq olar. Baş verənlərin ən böyük mənfi nəticəsi isə manata onsuz da sarsılmış etimadın tam aradan getməsidir”. 
Ekspertin sözlərinə görə, Neft Fondunun ehtiyatı milli valyutanın məzənnəsinin saxlanması üçün istifadə oluna bilməz. Mərkəzi Bank isə ilin sonuna qədər öz ehtiyatından azı bir milyard xərcləməlidir ki, manat ucuzlaşmasın.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir