541951_486348

Kənd təsərrüfatının dirçəlməsində “ASAN xidmət” nümunəsi

Ekspert Elşad Məmmədov bildirib ki, əslində Azərbaycanın “neft bumu” kimi xarakterizə edilən  dövrlərdə sıçrayış məzmunlu inkişaf mərhələlərini çıxmaq şərti ilə aqrar ölkə statusuna malik dövlət kimi tanınması məntiqlidir: “Sovet İttifaqının dağılmasından sonra keçmiş  müttəfiq respublikalar arasında təsərrüfat-iqtisadi əlaqələrin kəsilməsi bu layihələrin uzunömürlü olmamasına və iqtisadiyyatda ciddi struktur disbalansın formalaşmasına səbəb  olub”. 
Ekspertin sözlərinə görə, bu proses müəyyən dərəcədə kənd təsərrüfatı sistemində də baş verib: “Lakin kənd təsərrüfatının spesifikasını, dünya iqtisadiyyatında, o cümlədən yüksək  texnoloji sənaye sektorundakı dinamikanı, ölkənin iqlim şəraitini, coğrafi vəziyyətini və bir sıra digər amili nəzərə aldıqda, ölkədə aqrar sahənin inkişaf etdirilməsi daha effektiv və real görünür. Bununla belə, bir məqama xüsusilə nəzər salmaq lazımdır ki, kənd təsərrüfatının inkişafı dedikdə bu sahəni ölkə iqtisadiyyatında neft sektorunun alternativi kimi təqdim etmək olmaz. Nə formalaşan əlavə dəyərin, nə ixrac potensialının həcminə görə bu sahələr müqayisə edilə bilməz… Məlumdur ki, milli iqtisadiyyatın idxaldan asılılığının azaldılması, ölkənin daxili bazarının müsbət  dinamika ilə inkişaf etdirilməsi kimi məsələlər kənd  təsərrüfatının dayanıqlı inkişafı olmadan reallaşdırıla bilməz. Eyni zamanda neft sektorunun göstəriciləri ilə müqayisəedilməz səviyyədə olsa da, kənd təsərrüfatı sektoru ölkə üçün müəyyən dərəcədə perspektivli ixrac resursları mənbəyi kimi qəbul edilməlidir”.
Image result for kənd təsərrüfatı nazirliyi
İsveçrədə yaşayan və bu sahədə bilgili olan soydaşımız Hacı Hacılı isə bildirib ki, neft sektoru istisna olmaqla, ölkədə aqrar sektor, onun potensialı ilə müqayisə oluna biləcək digər sahə yoxdur: “Bununla bağlı internetdə verdiyim axtarış nəticələri ürəkaçan deyil. Rəqəmlərin doğruluğu və bitkinliyi şübhə doğurur. Biz ümumiyyətlə heç vaxt sənaye, maliyyə, yaxud yüksək texnologiyalar ölkəsi olmamışıq. Hələlik belə bir imkanımız da yoxdur. O üzdən tam əminliklə demək olar ki, Azərbaycan bitkin olmayan aqrar ölkədir. Aqrar inkişaf potensialına gəldikdə isə ölkəmizin bu sahədəki imkanlari kifayət qədər yüksəkdir.
Bunu şərtləndirən əsas amilləri aşağıdakı kimi sıralaya bilərik:  torpaq-iqlim şəraiti, ölkəmizin coğrafi mövqeyi, maliyyə imkanlarımız, pis də olsa, mövcud infrastruktur və mövcud əmək vərdişləri. Bu beş amil ölkədə kənd təsərrüfatının davamlı inkişaf etdirilməsi ücün yaxşı zəmin yaradır. Mənfi amillər də var. Qərarlaşmamış və qeyri-müəyyən təsərrüfatçılıq formaları, iqlim, sosial-iqtisadi və təbii təlatümlərin nəticələrini yumşaldan sığorta sistemi bu amillər sırasındadır. Həmçinin, yeni təsərrüfatçılıq üsulları, yeni inzibati idarəetmə sistemi tələblərinə cavab verən müvafiq bilik və vərdişlərin olmaması, aqrar və aqrar-sənaye sahələri arasında kooperasiyanın yoxluğu, ya yerli-dibli mövcud olmayan, ya da iflasa uğramış subsidiya siyasəti, daxili bazar bazasının zəifliyi, rəqabətə davamlı mal istehsalı və xarici bazara çıxış imkanlarının zəifliyi, korrupsiya və büdcə oğurluğu da əsas faktorlardır. Göründüyü kimi, mənfi amillər say etibarı ilə o birini üstələyir. Sonuncu amillərin içərisində ən mühümü daxili bazarın qorunması və sırf aqrar və aqrar-sənaye sahələrinin vəhdəti, daha dəqiq ifadə etsək, ”məhsul istehsalı- emal- istehsal” zəncirinin yaradılmasından ibarətdir. Deyəsən, vaxtilə bunu sonralar həbs olunmuş keçmiş iqtisadi inkişaf naziri də deyirdi”.
Kənd təsərrüfatında risklərin azaldılması üçün edilməli olan addımlara gəldikdə isə, H.Hacılı bildirib ki, hipotetik baxımdan kənd təsərrüfatının istehsal və emal bazasının yaradılması və möhkəmləndirilməsi, kənd təsərrüfatına kəndli-torpaq münasibətləri kimi deyil, texnoloji sahə kimi baxılması vacibdir.
O cümlədən aqrar – sənaye sahəsində vəhdətin yaradılması, lokal, regional və hətta, subregional miqyaslarda kütləvi kənd məhsulları istehsalının təşkili, bu istehsalçılar və iri bazarlar, super və hipermarketler arasında davamlı əlaqələrin qurulması lazımdır: “Əməli baxımdan isə, aidiyyəti şəxslər ilk növbədə kənd təsərrüfatı istehsalçıları ehtimal olunan, kifayət qədər real görünən təbiət hadisələri, sosial və iqtisadi silkələnmələrdən qorunmaq amortizasiya vasitələri fikirləşib tapmalıdır.
Fikrimcə, bu istiqamətdə ən ciddi rıçaqlardan biri kənd təsərrüfatı məhsulları istehsalçılarının təbii- iqlim hadisələri, maliyyə və iqtisadi çöküntülərdən sığorta olunması, məhsulun reallaşdırılmasındakı baryerlərin aradan qaldırılması sahəsində qanunvericilik bazasının möhkəmləndirilməsi və bu sahədə əməli addımların atılmasından ibarətdir”.
H.Hacılının sözlərinə görə, dünyanin qabaqcıl ölkələri, həmçinin aparıcı aqrar ölkələrində kənd təsərrüfatı üçün subsidiya və ya güzəştli kredit siyasəti həyata kecirilir: “Bu, bizdə belə bir sxem üzrə aparıla bilər: maliyyə institutlarının hər birinin ekspert qurumları olmalı, bu qurumlar kənd təsərrüfatı istehsalçıları ilə sıx kontakt qurmalı, onların maliyyə sənədləşdirmələrinə kömək etməli, lazım gələrsə, maliyyə planlaşdırması və kreditlərə hazırlıq işlərini görməli və son nəticədə maliyyə qurumlarına maliyyənin verilməsini təklif etməli, maliyyə institutları öz tərəfindən bu təkliflərə yaxın getməli, maliyyə müqaviləsi hazırlamalı, bunu sığorta orqanları ilə razılaşdırmalı, maliyyənin sadələşdirilmiş qaydada verilməsinə başlamalıdır”.
Image result for kartof yığını
Onun sözlərinə görə, aqrar sektorda kooperasiyanın təşkili, sahələr üzrə istehsalçılar birlikləri, aqrar və aqrar-sənaye sahələri arasında üzvi bağlılıqların yaradılmasına nail olunmalıdır: “Bu, uzun, ağır zəhmət və tər tələb edən məsələdir, lakin mümkünsüz deyil. İlk addım olaraq hökumət bu işi birbaşa nəzarətə ala və öz ekspertləri vasitəsilə aqrar-sənaye birliklərinin yaradılmasina nail ola bilər. Daxili bazarın qorunması və xarici bazara çıxışın sadələşdirilməsi məsələsinə gəldikdə isə burada ikicə addımın atılmasi kifayət edir: yerli məhsulların reallaşdırılması üçün xüsusi kvotalar və məhsulun xarici bazara daşınması üçün gömrük rejiminin sadələşdirilməsi. Aqrar sahə bürokratik əngəl və korrupsiyanın caynağından qurtarmalıdır. Bunun üçün ən yaxşı nümunə “ASAN xidmət” nümunəsidir. Ad, onun funksiya və fəaliyyət şərtləri nisbidir, yetər ki, siyasi iradə göstərilsin. Nəhayət, monopoliya, kənd təsərrüfatı ilə məşğul olan monopolistlərin xırda və orta istehsalçıları boğmasının qarşısı alınmalıdır. Hökumətin bu sahədə də manevr imkanları var. Nə vaxtsa, Azərbaycanda antiinhisar haqqında qanun da qəbul olunmuşdu. Nəhayət, bütün bunlara əlavə kimi deyə bilərəm ki, bazarın müəyyənləşməsi və bu istiqamətdə ciddi addımların atılması vacibdir. Rusiya, Ukrayna kimi ölkələrə hesabat xəritəsində xüsusi yer vermək şərti ilə bu, olmalıdır. Kimin ağlına gələ bilərdi ki, Efiopiya kimi tamamilə darmadağın bir aqrar sahəyə malik olan bir ölkə nə vaxtsa Avropa bazarlarının yarısını qizilgül məhsulu ilə dolduracaq? Bəyəm vaxtilə Rusiya bazarlarını gül məhsulları ilə təmin edən Şəmkir, Bakı kəndləri deyildi?”.
FaktXəbər



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir