Search
2016-11-07-foto - Copy

İqtisadiyyat naziri Şahin Mustafayev Serbiyanın baş naziri ilə görüşüb

Noyabrın 7-də Serbiyada səfərdə olan İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyanın Baş naziri Aleksandr Vuçiç ilə görüşüb.

Görüşdə Azərbaycan-Serbiya əlaqələrinin inkişaf perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirə aparılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Serbiya əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər çərçivəsində aparılan məhsuldar danışıqlar və imzalanan sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli həlledici rol oynayır. Azərbaycan və Serbiya beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birinin mövqeyini dəstəkləyir.

Azərbaycan-Serbiya əlaqələrinin inkişafında Hökumətlərarası Komissiya əhəmiyyətli rol oyanır. Ötən müddətdə ölkələrimiz arasında ticarət, investisiya sahələrində əhəmiyyətli işlər görülüb, biznes forum və s. tədbirlər keçirilib, Belqradda Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatası fəaliyyətə başlayıb. Ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika, investisiya, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayan Şahin Mustafayev bildirilib ki, Serbiya Azərbaycanın tranzit imkanlarından istifadə edə, eləcə də TAP layihəsinə qoşula bilər. Hazırda Azərbaycanda 4 Serbiya şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri Serbiyada özəlləşdirmə prosesində, eləcə də dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində infrastruktur və kommunal layihələrdə iştirak edə bilərlər.

Azərbaycan hökuməti və Serbiya hökuməti arasında 2012-ci ildə imzalanmış Kredit Sazişinə əsasən həyata keçirilən və bu gün açılışı olacaq “11-ci dəhliz” avtomagistralının Lyiq-Preljina hissəsi də Azərbaycan-Serbiya əməkdaşlığının nümunəsidir, gələcək əməkdaşlığımız və yeni layihələrin icrası üçün stimul yaradır.

Serbiyanın Baş naziri Aleksandr Vuçiç ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib, Serbiya və Azərbaycan arasında əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb. Aleksandr Vuçiç Serbiya-Azərbaycan əlaqələrinin inkişafına verdiyi önəmə və göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Prezidentinə minnətdarlıq edib.

Görüşdə baş nazirin birinci müavini, tikinti, nəqliyyat və infrastruktur naziri xanım Zoran Mixayloviç də iştirak edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir