Search
IMG_6113

İqtisadiyyat naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Şahin Mustafayev Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabı qəbul edib.

Nazir Şahin Mustafayev Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini diqqətə çatdırıb. Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin bu ilin iyun ayında Almaniyaya səfəri zamanı rəsmilərlə bir sıra görüşlər keçirilib. Səfər çərçivəsində təşkil edilən Almaniya-Azərbaycan biznes forumuna iş adamlarının göstərdiyi maraq ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olmasından xəbər verir. Ölkələrimiz ticarət, investisiya, maliyyə, səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlıq edir. Alman şirkətləri Cənub Qaz Dəhlizi layihəsində iştirak edirlər. Tvinninq layihəsi üzrə əməkdaşlıq çərçivəsində 11 layihə icra edilib, 3 layihənin icrası isə davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkında Almaniya təcrübəsi əsasında sənaye sahəsində Peşə Tədris Mərkəzi yaradılır. Birgə proqram çərçivəsində 2009-2016-cı illərdə 300-ə yaxın sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kursu keçib. Şahin Mustafayev Azərbaycan iş adamlarının 2017-ci ildə Almaniyanın Berlin, Köln və Düseldorf şəhərlərində keçiriləcək bir çox sərgilərdə iştirak edəcəyini qeyd edib. Diqqətə çatdırılıb ki, 24-25 noyabr tarixlərində Bakıda 6-cı iclası keçiriləcək Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək səviyyəli İşçi Qrupunun, eləcə də Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətlidir.

Ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı sahəsində həyata keçirilən iqtisadi islahatlardan danışan İqtisadiyyat naziri alman iş adamlarını yaradılmış əlverişli imkanlardan yararlanmaqla fəal əməkdaşlığa dəvət edib. Qeyd olunub ki, əczaçılıq, kənd təsərrüfatı, tranzit və logistika sahələrində əməkdaşlıq üçün böyük potensial var. Kənd təsərrüfatı texnikasının istehsalı sahəsində Azərbaycan Almaniya təcrübəsi əsasında birgə müəssisə yaradıla bilər. “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan-Almaniya humanitar, eləcə də turizm əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət kəsb edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdıran Şahin Mustafayev bir sıra alman şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsinin yolverilməz olduğunu vurğulayıb.

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab Azərbaycandakı fəaliyyətindən məmnunluğunu bildirib, Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin iyun ayında Almaniyaya səfərinin əhəmiyyətini vurğulayaraq, dövlət başçısının səfər çərçivəsində keçirilmiş biznes forumdakı çıxışının alman iş adamlarına azərbaycanlı həmkarları ilə əlaqələrin genişləndirilməsinə əlavə stimul verdiyini və alman şirkətlərinin ölkəmizə marağını artırdığını diqqətə çatdırıb. Səfir Mixael Kindsqrab Almaniyanın Cənub Qaz Dəhlizi layihəsini dəstəklədiyini vurğulayıb. Qeyd olunub ki, tranzit və logistika sahəsində də əməkdaşlığın genişləndirilməsi imkanları böyükdür və artıq bir sıra alman şirkətləri tranzit yükdaşımaları üçün Azərbaycan marşrutundan istifadə edir. Səfir Mixael Kindsqrab Azərbaycanın işğal olunmuş ərazilərində alman şirkətlərinin fəaliyyət göstərməsi məsələsinin Almaniya hökumətinin diqqətinə çatdıracağını bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir