Search
568955_481929

İpoteka kreditlərinin verilməsi bərpa olunmalıdır – İqtisadçı ekspert

2016-ci ilin ilk yarısında cəmi 22 adi ipoteka krediti verilib. Birinci rübdə 18 vətəndaşımız kredit ala bilsələrdə, ikinci rübdə cəmi 4 nəfər ev problemini bu yolla həll edib. Sosial ipoteka kreditlərindən faydalananlar isə ilk 6 ayda 236 mənzil ala biliblər.

İqtisadçı alim Vüqar Bayramov bu məsələyə şərh verib.

Ekspert vurğulayıb ki, dövlət büdcəsindən maliyyələşən sosial ipoteka kreditlərinin verilməsi nisbətən qrafik üzrə getsə də adi ipoteka kreditlərin verilməsi tormozlanıb:«Adi ipoteka kreditləri üçün əsas maliyyə mənbəyi kimi çıxış edən istiqrazların yerləşdirilməsi isə fond tərəfindən ötən ilin dekabrında baş verib. İstiqrazlar yerləşdirilmədiyi üçün adi ipoteka kreditlərinin verilməsi üçün fond pul tapa bilməyib. Fondun əsasnaməsinin təsdiq edilməməsi də onun fəaliyyətinin genişləndirilməsin imkan vermir».

Onun sözlərinə görə, ipoteka kreditləşməsinin sosial əhəmiyyətini nəzərə alaraq təbii ki, adi ipoteka kreditlərinin verilməsinin bərpa edilməsi çox vacibdir: «Təəssüf ki, ilin bitməsinə 5 aydan az vaxtın qalmasına baxmayaraq, hələlik kreditləşmə bərpa edilməyib».

İqtisadçı bir məsələni də diqqətə çatdırıb: O, İpoteka Fondunun hesabatına istinad edərək,fondun ən çox güvəndiyi bankın, bu yaxınlarda müflis elan edilən Zamin Bank olduğunu vurğulayıb: «İndiyədək fondun dəstəyi ilə 1631 ipoteka kreditini maliyyələşdirən Zamin Bank bank sektorunda artıq olmasa da belə və nə qədər qəribə olsa da ipoteka kreditləşməsində liderdir. 2006-cı ildə bəri maliyyələşdirilmiş 17 997 ipoteka kreditinin 13 204-u Bakının payına düşüb. Xanlar, Oğuz, Balakən, Sabirabad, Ucar, Ağcabədi, Salyan və Şərur rayonları isə 10 ildə cəmi 1 dəfə ipoteka krediti ala biliblər. Bu isə ipoteka kreditləri paylaşdırılan zaman regional balansın gözlənilmədiyindən xəbər verir».

«Hətta rəsmi rəqəmlər də göstərir ki, fond qısa zamanda adi ipoteka kreditlərinin bərpa edilməsi üçün yeni maliyyə mənbələri axtarmalıdır», – deyə Vüqar Bayramov sözlərini yekunlaşdırıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir