Search
president_300516_2

İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında iştirak edib

Mayın 30-da Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir. Son illərdə Bakıda tikilib istifadəyə verilən memarlıq nümunələri Azərbaycan paytaxtının inkişaf tempini göstərir, şəhərimizin abadlaşmasında və daha da gözəlləşməsində xüsusi rol oynayır. “Qara qızılı insan kapitalına çevirməliyik” məqsədini qarşıya qoyan dövlətimizin başçısı neftdən gələn gəlirlərin bir hissəsinin həm də nəhəng infrastruktur layihələrinin icrasına yönəltməklə bu gün Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişdir. Bu prosesdə paytaxtın ən hündür “göydələn”i olan SOCAR-ın yeni inzibati binası xüsusilə seçilir. Bu nəhəng tikilinin təməli 2010-cu il oktyabrın 12-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsmişdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat vermişdir. Bildirilmişdir ki, binanın layihələndirilməsi işlərinə 2007-ci ildə başlanılıb. Elan olunan müsabiqədə Fransa, İtaliya, Böyük Britaniya, Koreya Respublikası, Türkiyə və Azərbaycanın bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılmışdır. Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtın arxitekturasına, habelə Dövlət Neft Şirkətinin qoyduğu texniki şərtlərə uyğunluğu baxımından Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası daha cəlbedici hesab edilmiş və layihələndirmə işlərinin məhz həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılmışdır. 2010-cu ilin martında SOCAR-ın yeni inzibati binasının tikintisi üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilmişdir. Dünyanın 8 nüfuzlu tikinti şirkətinin iştirak etdiyi tenderdə Türkiyənin “TEKFEN İnşaat” şirkəti qalib gəlmişdir. Təxminən beş il ərzində aparılan tikinti işləri nəticəsində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlmişdir.

Binanın birinci mərtəbəsində xalqımızın ümummilli lideri, Azərbaycanın yeni neft strategiyasının banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən fotoguşə yaradılmış, Ulu Öndərin barelyefi vurulmuşdur.

Qeyd olunmuşdur ki, SOCAR-ın yeni inzibati binası müasir beynəlxalq standartlara tam cavab verir və burada yüksək təhlükəsizlik tədbirləri görülüb. Binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir. Hündürlüyü 200 metr olan binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla ümumilikdə 5 hektar sahəni əhatə edir. Paytaxtda müasir memarlıq üslubu ilə fərqlənən və xüsusi gözəlliyi ilə seçilən binanın 34-37-ci mərtəbələri rəhbərliyin ofisləri, 18-33-cü mərtəbələr baş ofisin idarə və şöbələri, 3-16-cı mərtəbələr isə şirkətin struktur bölmələrinin ofisləri kimi fəaliyyət göstərəcək. Binanın konstruksiyası dəmir-beton özək divarlı və polad quruluşlu kompozit sistemə əsaslanıb. Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olan binanın layihəsi Kanadada xüsusi beynəlxalq laboratoriyada virtual şəraitdə sınaqdan keçirilmiş və saatda 190 kilometr külək sürətinə hesablanmışdır.

Bildirilmişdir ki, yeni inzibati binada üç konfrans zalı var. Buradakı 233, 110 və 22 yerlik konfrans zallarında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Konfrans zalı ilə tanışlıq zamanı Prezident İlham Əliyev binanın tikintisini əks etdirən videogörüntülərə baxmışdır.

Binada hər cür avadanlıqla təchiz olunan iki fitnes mərkəzi də qurulmuşdur. Yeni binanın 450 nəfərlik yeməkxanasında, həmçinin 130 nəfər üçün nəzərdə tutulan kafeteriyasında hər cür şərait yaradılmışdır. Binanın podium hissəsində əməkdaşların istifadəsi üçün zəngin ədəbiyyatla təmin edilmiş kitabxana fəaliyyət göstərir.

Diqqətə çatdırılmışdır ki, binanın yeraltı hissəsində 1045, ərazisində isə 240 avtomobil yerlik dayanacaqlar yaradılıb. Külək-tunel testinə uyğun olaraq, əsmə amplidudasının məhdudlaşdırılması məqsədilə bina damper sistemi ilə təchiz olunmuşdur. Fasadın təmizlənməsi və digər xidmətlər binanın üstündə yerləşən teleskopik səbətli kran vasitəsilə həyata keçiriləcəkdir. Bundan əlavə, bina qoşa kabinəli liftlər və avtomatlaşdırılmış mərkəzi yönləndirmə sistemləri ilə təmin olunmuşdur.

Vahid infrastruktur sistemini təşkil edən yeni inzibati binanın SOCAR üçün mühüm funksional üstünlükləri var. Daha yüksək tutumlu olan bu binada vahid xidmətlər sisteminin təşkil olunması loqistika kimi bir sıra daxili xərcləri azaldır. Vahid əlaqələndirmə və nəzarət sistemi isə iş prosesinin məhsuldarlığına müsbət təsir göstərəcək.

Bina ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilmişdir.

Yeni inzibati binanın SOCAR Media tərəfindən hazırlanmış videoçarxını təqdim edirik:

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir