Search
כסף-בקלות-על-רכב-ישן

FED rəsmiləri dolların bahalaşmasının təxirə salınacağına işarə edib

ABŞ-da kənd təsərrüfatı istisna olmaqla, məşğulluqla bağlı açıqlanan statistik rəqəmlərin son 6 ildə ən aşağı göstərici olduğu məlum olandan sonra nəzərlər bu gün Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen Filadelfiyada Xarici İşlər üzrə Şuranın iclasındakı çıxışına yönəlib.

Belə bir zamanda FED-in 3 nümayəndəsi pul siyasəti ilə bağlı maraqlı açıqlama verib.

FED-in Boston üzrə rəhbəri Erik Rozenqren bildirib ki, may ayı üzrə məşğulluqla bağlı statistik göstəricilərin neqativ olmasına baxmayaraq, ABŞ iqtisadiyyatı qışda müşahidə edilən tempdən fərqli olaraq yenidən canlanıb. FED-in uçot dərəcəsini artırmaq istiqamətində irəlilədiyini deyən E. Rozenqren tənzimləyicinin qarşıdan gələn iclasda (14-15 iyun) belə bir addımın atılmaması ilə bağlı siqnal verib.

E. Rozenqren əlavə edib ki, may ayı üzrə məşğulluq statistikası ikinci rübün proqnozları ilə ziddiyyət təşkil edir: “Bu proqnozlarda may ayı üzrə zəif göstəricilərin bir anormallıq, yoxsa əmək bazarında bir yavaşlamanı göstərdiyini anlamaq önəmlidir”.

FED-in rəhbərliyində təmsil olunan Lael Brainard isə ehtiyatlı siyasətin tərəfdarıdır. Onun sözlərinə görə, zəif qlobal iqtisadi artım sonunda FED-in hər hansı bir hərəkətinə bazarlar dərhal reaksiya verəcək. L. Rainard əlavə edib ki, qlobal artımın az olması FED-in görəcəyi tədbirlərin sürətinə və həcminə mənfi təsir edir.

FED-in Klivlend üzrə rəhbəri Loretta Mester bildirib ki, ABŞ-da məşğulluqla bağlı açıqlanan rəqəmlər ümumi iqtisadi mənzərəni dəyişdirmir və mərhələli faiz artımlarının uyğun olacağını göstərir: “Pul siyasəti hədəflərimizə mütəmadi olaraq çatacağımıza və mərhələli faiz artımının daha uyğun olacağına inanıram. Faizlərin nə zaman artırılması isə statistik göstəricilərdən asılıdır”.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir