Search
senanhesenovv

Devalvasiyanın Bank sektorunda yaradacağı yeni sahə

Müəllif: Sənan Həsənov
2008-ci ildə yaşanan maliyyə krizisindən sonra ölkəmizdə Bank sektorunda yeni sahə yarandı – Risklərin İdarə edilməsi. Bu sahənin tənzimlənməsi ilə bağlı Mərkəzi Bank tərəfindən 09.12.2013-cü il tarixində “Banklarda risklərin idarə olunması haqqında Qaydalar” qəbul olundu. Bu gün bütün Banklarda Risklərin İdarə edilməsi departamentləri mövcuddur. Bu sahənin yaranması Bank sektorunun inkişafında çox əhəmiyyətli rola malik olmuşdur. Risklərin idarə edilməsi dünyasından sadə bir nümunəni demək istərdim. 2005-ci illərdə Banklarda məsrəf orderləri üç nüsxəli kopyalanan çeklərdə yazılırdı. Yazıldıqdan sonra manual olaraq sistemə yığılırdı. Bu prosesdə çoxlu sayda əməliyyat riskləri yaranırdı. Belə ki, müştərinin hesabında vəsaiti əməliyyatçı yanlış görsə və pul olmadan məsrəf yazsa və ya rəqəmin birini səhv yazsa müştəriyə az və ya daha pis, artıq pul verə bilərdi ki, bu da Bank üçün zərərlə nəticələnirdi. Məhz Risk strukturu formalaşdıqdan sonra bütün bu proseslər nəzərdən keçirildi, risklər müəyyən olundu və onların qarşısını almaq üçün tədbirlər görülməyə başlandı.
Bu gün ölkəmizdə yaşanan devolivasiyalar və onların nəticəsində biznes mühitində mövcud proseslər yeni strukturun yaranmasına şərait yaradacağını düşünürəm. Bu struktur Biznes proseslərin optimallaşdırılması departamenti olacaqdır. Çünki, bu günkü şərait Banklardan daha elastik olmaq və bazar şəraitində effektiv və dinamik şəkildə inteqrasiya etməyi tələb edir.

Bir çox Banklarda bu inteqrasiya sadəcə  xərclərin azaldılması prosesi məqsədilə işçilərin ixtisarı, bir sıra strukturların ləğvi və digər bu kimi fəaliyyətlərlə həyata keçirilir ki, bu da həm xidmət prosesinin, həm də yekun məhsul və xidmətlərin keyfiyyətinə öz neqativ təsirini göstərir. Halbuki, bu gün biznes proseslərin, xüsusilə yekun məhsul və xidmət dəyərinə təsir edən proseslərin eyni zamanda bilavasitə müştəri xidməti proseslərinin analiz olunması, onların optimallaşdırılmasına ehtiyac vardır. Bu struktur davamlı olaraq Bankların müxtəlif sahələri üzrə biznes proseslərin xəritəsini hazırlayaraq son məntəqə olan müştəri mənuniyyətinə gedəcək istiqamətə daha tez və effektiv şəkildə çatacaq formada onların təkmilləşdirilməsini həyata keçirə bilər. Bu həm texnoloji innovasiyaların tətbiqi ilə avtomatlaşdırmaya, həmçinin də bir çox digər əməkdaşların satış və ya müştəri münasibətlərinin idarə olunması istiqamətləri üzrə dəyərləndirilməsinə şərait yaradar.

Beləliklə Biznes proseslərin optimallaşdırılması departamenti hansı işləri görməlidir?
1. Mövcud olan bütün biznes proseslərin xəritəsini hazırlayır;
2. Hazırlanmış proseslərdə yaranan xərcləri araşdırır;
3. Biznes proseslərin müştəri xidmətinə, yekun məhsul və xidmətlərdə dəyərini hesablayır;
4. Hazırlanmış biznes proseslərin optimallaşdırılmasını həyata keçirir;
5. Optimallaşdırma planlarını icra edir;
6. Mövcud olan texnoloji innovasiyaları araşdırır;
7. İnnovasiyaların biznes proseslərdə. eyni zamanda yeni məhsul və xidmətlərdə təsiri imkanlarını araşdırır və tətbiq edir.
8. Dəyişən bazar şəraitini analiz edir, proqnozlar verir və Bankın biznes proseslərini bu dəyişimlərə uyğunlaşdırır.
Düşünürəm ki, bu strukturun yaranması, Banklarda xərclərin biznes proseslərə neqativ təsir etmədən optimallaşdırılması və son nəticədə qazanclı nəticə əldə olunmasına şərait yaradacaqdır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir