71213545

“BOKT”un problemli kreditləri

Azərbaycandakı bank olmayan kredit təşkilatlarından (BOKT) birinin verdiyi bütün kreditlərin vaxtı keçib. Söhbət kredit ittifaqlarının maliyyələşdirilməsində vasitəçilik edən “İcraçı kredit agentliyi”ndən gedir. Bu barədə BOKT-un İdarə Heyətinin üzvü Samir Cəlilov məluma verib.

Onun sözlərinə görə, təmsil etdiyi BOKT 2011-ci ildə Dünya Bankının layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyindən vəsait cəlb edib: “Dünya Bankı kənd təsərrüfatının inkişafı üçün Azərbaycan hökumətinə 18 milyon dollar ayırmışdı. Həmin vəsait manatla (14-15 milyon manat) bizə verildi. Biz isə onu 78 kredit ittifaqına kredit kimi verdik”.

8 illik yığım müddəti 4 illik olub

Kredit ittifaqlarının maliyyələşdirilməsi ilə bağlı layihədə vəsaitlərin geri qaytarılması müddəti əvvəlcə 2019-cu ilə qədər nəzərdə tutulsa da, sonradan bu işin 2015-ci ildə başa çatdırılmasına qərar verilib: “8 illik yığım müddəti 4 ilə endirildi. Buna görə neçə vaxtdır ki, kredit vermirik, ancaq yığımla məşğuluq. Verdiyimiz kreditlərin isə hamısının vaxtı keçib”.

Devalvasiya ödənişləri gecikdirib

“İcraçı kredit agentliyi” cəlb etdiyi vəsaitin təxminən 10 milyon manatını dövlətə geri qaytarıb. Qalan 5 milyon manatın yığılmasında isə çətinliklər yaşanır: “Xüsusilə devalvasiyadan sonra yığım çətinləşdi. 30-dan çox kredit ittifaqından alacağımız var. Aqrar sektorda vəziyyət elə də yaxşı olmadığı üçün ödənişlər gecikir” – deyə Samir Cəlilov qeyd edib.

Hökumətdən cavab gözləyirlər

BOKT rəsmisi onu da bildirib ki, kredit ittifaqlarının maliyyələşdirilməsi ilə bağlı ötən ildən yaranmış problem hələ də həll olunmayıb: “Kredit ittifaqlarının az bir qismi İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan vəsait cəlb edir. Əsas maliyyələşmə mənbəyi bizik. Sonuncu dəfə keçən ilin dekabrında KTN-ə bir daha müraciət etmişik ki, vəsait məsələsi həll olunsun. Hələ ki, cavab gözləyirik”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir