Search
bank logo

Bəzi banklar, bank olmayan kredit təşkilatlarına çevrilməlidir!

Cari ilin sonuna qədər Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları nizamnamə kapitalını 50 milyon manata çatdırmalıdırlar. Müvafiq qərar əslində, bu ilin yanvarın 1-dən qüvvəyə minməli idi. Lakin sonradan daha bir il uzadıldı. Həmin tələbə cavab verə bilməyən banklar isə ya sıradan çıxmalı, ya bank olmayan kredit təşkilatlarına çevrilməlidir. Burada ən optimal variant isə nizamnamə tələblərinə cavab verə bilməyən bankların birləşməsidir. Bu yolla kiçik banklar öz fəaliyyətlərini yenidən davam etdirə bilər. Lakin məsələ ondadır ki, bir sıra banklar nizamnamə tələblərinə cavab verə bilməyərək, bağlanmaq təhlükəsi ilə üz-üzə qalsa da, məsələni həll etmək üçün birləşmək ideyasını yaxına belə buraxmırlar.
Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov sözügedən vəziyyətin yaranmasını mentalitetimizdə fərdi fəaliyyətin kollektiv fəaliyyəti üstələməsində gördü: “Müflisləşməkdə olan bankların çətinliyi aradan qaldırmaq üçün birləşmək əvəzinə, bağlanmağa üstünlük vermələrini müəyyən mənada Azərbaycanda idman sahəsində olan vəziyyətlə eyniləşdirmək olar. Azərbaycanda fərdi idman növlərində idmançılarımızın iddiaları böyükdür. Hətta onlar müxtəlif beynəlxalq yarışlarda ən yüksək yerə sahib olurlar. Ancaq komanda idman növündə Azərbaycan hələ də geri qalmaqda davam edir. Bunu, o cümlədən, müflis təhlükəsi altında olan bankların birləşərək, problemdən çıxmaqdan imtina etmələrini milli mentalitet kimi qiymətləndirmək olar. Görünür, bizlər əlbir olaraq işləməyi bacarmırıq. Komanda birləşərək, qələbəyə aparan şəxsi irəli çıxarmalıdır. Amma bu kimi psixoloji məqam komandanın digər oyunçularını qane etmədiyindən, birləşmək də baş tutmur. 3-4 bank birləşərək, vahid komanda altında çıxış etməklə kimisə irəli çıxarmalı, buna razılaşmalıdırlar. Bu isə o deməkdir ki, irəli çəkdikləri şəxsin üstünlüyünü, daha güclü olduğunu etiraf etmiş olurlar. Lakin görünür, bizdə iş adamları da psixoloji baxımdan bunu qəbul edə bilmirlər. Əslində, belə vəziyyət kapitalist münasibətlərinin ilk dövrləri üçün səciyyəvidir. Belə hallara vaxtilə ABŞ, İngiltərə və digər Avropa ölkələrində də rast gəlinib. Kimlərsə müflis olmağı, kiminsə bayrağı altında işləməkdən üstün tutur”.
Digər ekspert Qadir İbrahimli isə bu qənaətdədir ki, müflisləşməyi birləşməkdən üstün tutan bank sahibləri bu sektordan anlayışı aşağı səviyyədə olanlardan ibarətdir: “Azərbaycanda bank sektoru ilə məşğul olan bir sıra sahibkarlar var ki, müasir bank anlayışından xeyli dərəcədə kənarda fəaliyyət göstərirlər. Onlar hesab etmir ki, kapitallarını birləşdirib, kooperativ idarəetmə metoduna keçsələr, daha yaxşı olar. Belə banklar da əslində, kiçik bir qrupun, hətta bir nəfərin təsir dairəsində olan maliyyə qruplarıdır. Onların fəaliyyəti də klassik bank əməliyyatı ilə məhdudlaşır. Müasir bank, birgə, müştərək idarəetmə anlayışından təsəvvürləri yoxdur. Belə səbəbdən də onlar birləşməkdənsə, fəaliyyətlərini dayandırmağa daha çox üstünlük verir. Problemin kökü məhz bu məqamla bağlıdır”.
Hesab edilir ki, banklar bazarda rəqabət apara bilmirlərsə, onlar özü birləşməlidir. Ekspertlərə görə, bazarda indiki 43 əvəzinə 20 bank yetərlidir. Amma birləşmə prosesi bazardan gəlməlidir. Ekspert araşdırmalarına görə, 15 bank hələ də Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbinə cavab vermir. Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbinin arxasında bank sektorunun gücləndirilməsi ilə yanaşı, bankların sayının azaldılması dayanır.
movqe.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir