Search
47079

Bank ehtiyatları niyə və hansı meyarlara görə yaradılır?

Son zamanlar mətbuatda banklar tərəfindən xüsusi ehtiyatlara ayırmaların artdığı barədə məlumatlar verilir. Hazırki yazı bu ehtiyatların nə olduğu, hansı səbəbdən və necə yaradıldığı barədə məlumat vermək məqsədi daşıyır.

Aktivlərin (bank tərəfindən verilən kreditlər də aktivlərə daxildir) təsnifatı və onlar üzrə ehtiyatların yaradılması qaydalarını BBN.az saytı olaraq ümumiləşdirilmiş formada təqdim edirik. Yazı Mərkəzi Bankın  “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları” əsasında hazırlanmışdır.

Ehtiyatlar (xüsusi ehtiyatlar) banklarda olan aktivlər üzrə yaradılır.

İlk öncə aktivlərin nə olduğuna baxaq. AMB-nin təsnifatına əsasən aktivlərə aşağıdakılar aiddir:

  • bank tərəfindən verilən kreditlər
  • geri qaytarılmaq şərti ilə yerləşdirilmiş digər aktivlər
  • bank tərəfindən qabaqcadan ödənilmiş vəsait
  • bank işində istifadə olunmayan aktivlər
  • hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşları
  • balansdankənar öhdəliklər

Ehtiyatların yaradılmasında məqsəd həmin aktivlər üzrə gələcəkdə yarana biləcək mümkün zərərlərin ödənilməsidir. Yəni, məsələn, borcalan tərəfindən kredit ödənmədikdə və ya vaxtında ödənmədikdə bank dayanıqlığını qoruya bilsin və kredit verərkən riskli sahələrdən çəkinsin. Çünki riskli sahələrə verilən kreditlər üzrə ehtiyat ayırmaları daha yüksəkdir. Belə ki, aktivlərin gecikmə günləri və risk dərəcələri artdıqca, ayrılan ehtiyatlar üzrə faiz dərəcələri də artır.

Bank belə sahələrə çox kredit verərsə, o zaman ehtiyatların da məbləği artacaq və bu məqsədlə ayrılmış vəsaiti öz fəaliyyətində istifadə edə bilməyəcək.

Aktivlər standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlərəqənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri standart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir.

Aktiv üzrə əsas məbləğ və ya faiz borclarının ödənilməsi doxsan gündən çox gecikdirildikdə hesablanmış faizlər üzrə 100% həcmində ehtiyat yaradılır.

Ümidsiz aktiv yaradılmış ehtiyatlar hesabına balansdan silinir (həmin aktiv üzrə yaradılmış ehtiyat məbləğində).

Beləliklə kreditin vaxtı keçdikdə onun üçün ehtiyat yaradılır. Əsas məbləğ, yaxud ona hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən otuz təqvim günündən artıq gecikdirilmiş kredit vaxtı keçmiş kredit hesab olunur.

İstehlak krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kredit;

Restrukturizasiya olunmuş aktiv – iqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borclunun maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə müqavilə şərtləri dəyişdirilmiş və ya yeni öhdəlik kimi rəsmiləşdirilmiş borc öhdəliyi;

Ehtiyatların məbləği aktivin gecikdiyi müddətdən və risk dərəcəsindən asılı olaraq dəyişir. Çünki, bank tərəfindən ehtiyatlar aktivlərin geri qayıtmaması və ya qaytarılma prosesinin gecikməsi riskləri artdığı zaman bunların yarada biləcəyi zərəri önləmək üçün formalaşdırılır. Bu ehtiyatların ayrılması müəyyən şərtlərə əsaslanır. Belə ki, aktivlərin gecikmə günləri və risk dərəcələri artdıqca, ayrılan ehtiyatlar üzrə faiz dərəcələri də artır.

Ehtiyatlar iki kateqoriyaya bölünür:

  1. Adi ehtiyatlar
  2. Məqsədli ehtiyatlar

Adi ehtiyatlar bankın standart aktivləri üzrə, məqsədli ehtiyatlar isə qeyri-standart aktivlər üzrə yaradılır. Standart aktivlər qənaətbəxş və nəzarət altında olanlar, qeyri-standard aktivlər isə təhlükəli və ümidsiz aktivlərdir. Qənaətbəxş aktivlər ən yüksək kateqoriyalı, ümidsiz aktivlər isə ən aşağı kateqoriyalı aktivlər kimi təsnifləşdirilir.Əgər borc alan borcunu ödəyə bilmirsə aldığı kreditin şərtlərində dəyişiklik edilir. Belə kreditlər restrukturizasiya edilmiş aktivlər adlanır.

Gəlin, aktivlərin növləri və onların ehtiyat dərəcələri ilə tanış olaq. Nəzərinizə çatdıraq ki, cədvəldə standart aktivlər yaşıl, qeyri-standart aktivlər isə qırmızı xanalarla göstərilmişdir.

ehtiyat

Ehtiyatların məbləğinin nə qədər olmasını təsnifləşdirmə kateqoriyalarına müvafiq olan ehtiyat dərəcələri ilə müəyyən edirlər. Bu, ümumi məbləğdən verilən faiz həcmində hesablanır. Bankın ehtiyatları milli valyutada və bankın öz xərcləri hesabına yaradılır.

Bu təsnifatı bir misal üzərində izah edək:

Tutaq ki, bankın 100 milyon manat həcmində aktivləri vardır. Əgər bankstandart aktivlərin risklilik dərəcəsini qənaətbəxş olaraq təyin edibsə, bu halda onun ayıracağı ehtiyatın miqdarı 1 milyon manat, qeyri-qənaətbəxşdirsə 25 milyon manat təyin edəcəkdir. Qeyri-standart aktivlər üzrə isə risk səviyyəsi təhlükəli olanlar üçün aktivlərin ümumi həcminin yarısı qədər, yəni 50 milyon manat ehtiyat vəsait ayıracaqdır. Praktikada müşahidə olunmasa da bütünqeyri-standart aktivlər ümidsiz aktiv kimi təsnifatlaşdırılıbsa, bu zaman aktivlərin ümumi həcmi ehtiyat vəsaiti kimi hesabdan silinəcəkdir.

Unutmamaq lazımdır ki, ehtiyat vəsaiti tədbir xarakteri daşıyır, yəni borclar tam qaytarılarsa, ehtiyat məbləği gəlirlərə əlavə edilir.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir