Search
14618450403322361062_1000x669

Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri tanınmış mətbu orqanın diqqət mərkəzində

“Financial Times” qəzeti Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) barədə məqalə dərc edib.

Məqalədə 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra müstəqil ölkələrin enerji ixracı və təchizatı üçün yeni marşrutlar axtardığı, mümkün layihələrdən birinin də Bakıdan Gürcüstanın paytaxtı Tbilisiyə və buradan Türkiyənin Ceyhan limanına qədər uzanan 1770 kilometrlik BTC neft kəməri olduğu qeyd edilir.

14618450405954648264_1000x669

“Bu xəyal reallığa çevrildi və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu yuxunun həqiqətə çevrilməsində əhəmiyyətli rol oynadı”, – deyə məqalədə bildirilir.

BTC layihəsinin maliyyələşdirilməsində AYİB-in ayırdığı kreditdən bəhs olunan məqalədə deyilir: “Bu neft boru kəməri Azərbaycan və Xəzər nefti üçün qərbə ilk alternativ marşrut idi. AYİB-dən başqa Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ “Eximbank”ı, JBIC, “Nexi”, “Hermes”, “SACE”, “Coface”, “ECGD”, “OPIC” və “Societe Generale”, “ABN Amro”, “Citibank” və “Mizuho” kimi bankların da BTC layihəsinə maliyyə ayırıb”.

Məlumat verilib ki, BTC ilə yanaşı, Səngəçal neft terminalından Türkiyəyə təbii qaz nəql edən Cənubi Qafqaz Boru Kəməri (CQBK) də inşa olunub. Hazırda “Şahdəniz” yatağının ikinci mərhələsindən hasil olunacaq təbii qazın Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKB) layihəsi icra edilir.

AYİB-in enerji və təbii ehtiyatlar üzrə müdiri Rikardo Puliti deyib ki, BTC Xəzər dənizinin enerji resurslarını beynəlxalq bazarlara, xüsusilə də Avropaya bağlayan layihələrdən ilki idi. Hazırda “Cənub Qaz Dəhlizi” layihəsi eyni məqsədləri güdür və Xəzər qazını Avropaya çatdıracaq.

Məqalədə BTC üzrə danışıqlar prosesi, boru kəmərinin ətraf mühitə təsiri və sosial sahələrdə görülən işlərdən ətraflı bəhs olunub.

Mənbə: AzərTac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir