Search
5

Azərbaycan və İran arasında Dövlət Komissiyasının iclası və biznes forum keçirilib

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində dekabrın 27-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclası və Azərbaycan-İran biznes forumu keçirilib.

Dövlət Komissiyasının 11-ci iclasında çıxış edən iqtisadiyyat naziri, komissiyanın həmsədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-İran əlaqələri ortaq dinə, tarixə və adət-ənənələrə əsaslanır və xalqlarımızı sıx əlaqələr birləşdirir. Dövlət başçılarının siyasi iradəsi nəticəsində son 3 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub. Bu gün ölkələrimiz arasındakı əlaqələr tarixində yüksək səviyyədədir. Bildirilib ki, ötən 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb, Azərbaycan və İran nümayəndə heyətlərinin 100-ə yaxın qarşılıqlı səfəri həyata keçirilib, 40-a yaxın sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası təşkil olunub.

Azərbaycan-İran arasında iqtisadi əlaqələrin inkişafında Dövlət Komissiyasının rolunu qeyd edən Şahin Mustafayev Komissiyanın ötən iclasından keçən dövrdə görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, “Xudafərin” və “Qız Qalası” Sazişi imzalanıb və bu yaxınlarda İran tərəfi həmin sənədi ratifikasiya edib. Azərbaycan və İran arasında imzalanmış “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi və istismarı haqqında” Saziş də artıq ratifikasiya edilib. Bu sazişlərin siyasi və iqtisadi əhəmiyyəti yüksəkdir.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin I mərhələsi yekunlaşır. Artıq nəqliyyat dəhlizinin önəmli həlqələrinən olan Astara çayı üzərində dəmir yolu körpüsü və Astara stansiyasından (Azərbaycan) İran sərhəddinədək olan 8,3 km-lik dəmir yolu xətti hazırdır. İran tərəfi öz ərazisində işləri qısa müddətdə yekunlaşdıracaq. Bu il 330 kV Muğan (İmişli-Parsabad) elektrik xətti istismara verilib, elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb.

2016-cı ilin avqust ayında təməli qoyulmuş Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodunun tikintisi davam edir. İranın traktor və avtobus istehsalı zavodlarının da Nefçala Sənaye Zonasında fəaliyyətinin təşkili istiqamətində müzakirələr aparılır. 2017-ci ilin yanvarında isə Pirallahı Sənaye Parkında İranla birgə əczaçılıq zavodunun təməli qoyulacaq.

Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 400-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir və onlar tərəfindən Azərbaycan iqtisadiyyatına 2,5 mlrd. ABŞ dollarından artıq investisiya yatırılıb. İran Azərbaycanın ticarət tərəfdaşlarındandır və 2016-cı ilin yanvar-noyabr aylarında ölkələrimz arasında ticarət dövriyyəsi 60%-ə yaxın artıb. Şahin Mustafayev diqqətə çatdırıb ki, təkcə 2016-cı ildə iş adamlarının iştirakı ilə 12 biznes forum, işgüzar görüş və sərgilər keçirilib. Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd dəmir yolu əlaqələrin daha da genişləndirilməsinə imkan verəcək. Bu yolla il ərzində 12 min sərnişin daşınacaq.

Rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti 2017-ci ilin əvvəlində Təbriz və Ərdəbilə səfər edəcək. Viza rejiminin sadələşdirilməsi nəticəsində gələn ilin 10 yanvarından başlayaraq İran vətəndaşları 3 gün ərzində elektron vizalar ala biləcəklər. Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, nazir Şahin Mustafayev qeyd edib ki, kənd təsərrüfatı, sənaye, ticarət, nəqliyyat, turizm, səhiyyə, bankçılıq və s. sahələrdə əməkdaşlıq üçün böyük imkanlar var.

1 2 3 4




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir