xbsbpdsc_7

“Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilədək işlənməsinə dair razılaşma prinsiplərinin imzalanması mərasimi keçirilmişdir

Dekabrın 23-də SOCAR Tower-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşma prinsiplərinin imzalanması mərasimi keçirilmişdir.Görüşü SOCAR-ın prezidenti Rövnəq Abdullayev açaraq, tərəfdaşları salamlamış və AÇG-nin gələcək işlənməsinə dair ABƏŞ səhmdarları ilə aparılan danışıqların müsbət nəticə verdiyini bildirmişdir. AÇG layihəsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gərgin siyasi səyləri nəticəsində ərsəyə gəldiyini və ötən 22 il ərzində “Əsrin müqaviləsi” çərçivəsində böyük uğurlar qazanıldığını söyləyən SOCAR prezidenti Azərbaycanın enerji strategiyasının həyata keçirilməsində bu layihənin müstəsna əhəmiyyətini qeyd etmişdir. Layihənin uğurlarında əməliyyatçı şirkət BP başda olmaqla, xarici tərəfdaşların rolunu yüksək qiymətləndirən Rövnəq Abdullayev Azərbaycan hökumətinin bu layihəyə böyük önəm verdiyini və xarici sərmayədarlarla imzalanmış sazişlərin bütün müddəalarına indiyə qədər tam əməl olunduğunu vurğulamışdır. SOCAR prezidenti bu sənədin imzalanması ilə AÇG yatağının gələcək işlənməsi üzrə danışıqları növbəti bir neçə ay ərzində başa çatdırmaq və yeni sazişin hazırlanmasını yekunlaşdırmaq imkanı yarandığını diqqətə çatdırmış, əmin olduğunu bildirmişdir ki, yeni layihə də uzunmüddətli və səmərəli əməkdaşlıq üçün əlverişli perspektivlər açacaqdır. O, yeni sazişin hazırlanması istiqamətində bütün tərəfdaşlara uğurlar arzulamışdır.

ABƏŞ səhmdarları adından çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel AÇG yatağının operatoru olaraq qazanılmış uğurlarda Azərbaycan hökumətinin və onun təmsilçisi olan SOCAR-ın dəstəyini xüsusi qeyd etmiş, buna görə təşəkkürünü bildirmişdir. O, demişdir: “Bugünkü imzalanma bizə AÇG-nin gələcək uğurlu işlənməsinin və həm də Azərbaycanın enerji tarixinin yeni bir səhifəsinə yol açmağa imkan verir. İnanırıq ki, bundan sonra da Azərbaycanın potensialını və təcrübəsini aparıcı texnologiyalarla birləşdirərək birlikdə bu uğurun davamlı olmasını təmin edəcəyik. Bu saziş gələcək sərmayələrə və layihələrə imkan verəcək, həmçinin özü ilə minlərlə iş yerləri gətirəcək.”

SOCAR prezidenti Rövnəq Abdullayev bütün dünyada “Əsrin müqaviləsi” kimi tanınan AÇG yatağının işlənməsi üzrə HPB Sazişinin imzalanmasının Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərə təsadüf etdiyini xatırlatmış, olduqca çətin geosiyasi şəraitdə aparılan danışdıqların uğurla nəticələnməsində o zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışmış Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin xüsusi rolunu vurğulamışdır. SOCAR prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel yaranmış fürsətdən istifadə edərək, “Əsrin müqaviləsi” çərçivəsində AÇG yatağının işlənməsi layihəsinin bütün iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi qarşıdan gələn ad günü münasibəti ilə təbrik etmişlər.

Tədbirin sonunda SOCAR və BP-nin əməliyyatçı olduğu ABƏŞ arasında AÇG yatağının 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşma prinsipləri imzalanmışdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir