Search
801150_487481

AMB: Valyuta bazarında əməliyyatların 85%-i ABŞ dollarında aparılıb

2016-cı ilin ötən 9 ayı ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyllərə uyğun və Mərkəzi Bankın ötən ilin sonunda elan etdiyi üzən  tənzimlənən məzənnə rejimi çərçivəsində formalaşıb.
Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalına istinadən verilən məlumata əsasən, 2016-cı ilin 9 ayı ərzində valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.
İcmalda qeyd olunub ki, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2,8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,7 dəfə azalıb. Dövr ərzində valyuta bazarında əməliyyatların 85%-i ABŞ dollarında, 15%-i digər valyutalarda aparılıb.
“Valyuta əməliyyatlarının 60% hissəsi banklararası valyuta bazarında (BVB), 40%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 53%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 93%-i hüquqi şəxslərə valyuta satışı təşkil edib”, – deyə sənəddə vurğulanıb.
İcmalda bildirilib ki, valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. 2016-cı ilin yanvar-sentyabr aylarında banklar tərəfindən satılan xalis (yəni, alışlarla satışların fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə azalaraq 281 mln. ABŞ dolları, avro ilə əməliyyatlar isə 3,3 dəfə azalaraq 193 mln. avro təşkil edib. Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Mal və xidmət idxalının azalması, habelə, ötən illə müqayisədə dollarlaşmanın səngiməsi xarici valyutaya tələbə azaldıcı təsir göstərib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir