Search

Sığorta şirkətlərindən bitməyən narazılıq

Natiq Cəfərli: “Sığorta şirkətlərinin böyük əksəriyyəti iri bank holdinqlərə bağlıdır və onlar da rəqabət şəraitində fəaliyyət göstərmək istəmir”

 

Rəşad Həsənov: “Hazırkı vəziyyət sığorta şirkətlərinin marağına cavab verir”

Milli Məclisin son iclasında Azərbaycanda sığorta sahəsindəki problemlərə də toxunulub. Məsələ ilə bağlı deputat Fəzail Ağamalı çıxış edərək qeyd edib ki, sığortanın məcburi olması vətəndaşlar üçün problemlər yaradır: “Sığortalar kommersiya bankları kimi Azərbaycan xalqının qanını sorur. Kimsə maşın, ev alanda onu məcbur edirlər ki, sığorta müqaviləsini alsın. Bu isə əlavə problemlərə səbəb olur. Digər tərəfdən, sığorta şirkətləri dəyən ziyanı ödəməkdə də problemlər yaradır”.

Əslində, deputatın qaldırdığı məsələ sığorta sahəsində ənənəvi problem sayılır. Amma indiyə qədər həllini tapmayıb.
Ekspert Natiq Cəfərli düşünür ki, sığorta məsələsində problemlərin həllini tapa bilməməsi həmin sahədə rəqabət mühitinin aşağı olmasından qaynaqlanır: “Əslində, tək bir sahəni götürüb orada olan problemi incələmək bir qədər düzgün deyil. Sığorta sahəsində yaranan problemlər iqtisadiyyatın digər sahələrdə olan problemlərdə də əksini tapır. Çünki, sığorta şirkətlərinin böyük əksəriyyəti iri bank holdinqlərə bağlıdır. Onlar da rəqabət şəraitində fəaliyyət göstərmək istəmir. Müqavilələr bağlanarkən, insanların hüquqi biliklərinin aşağı olmasından istifadə edərək, məsuliyyətin böyük əksəriyyətini müqavilə imzalananda müştərinin üzərinə qoymağa çalışırlar. Özlərini yəni sığortalayır, və belədə çalışırlar ki, özlərinə daha az məsuliyyət düşsün. Bunun üzərinə rəqabətin aşağı olduğu mühiti də əlavə etdikdə, təbii ki, sığorta şirkətlərinin əhali ilə iş prinsipində ciddi problemlərin yaşandığını görürük. Çıxış yolu isə var. Bir-birilə sıx bağlı olan bank və sığorta sektoruna iri xarici investorlar buraxılmalıdır ki, onlar bazarda ciddi rəqabətli mühit yaratsınlar. Kiçik şirkətlər təbii ki, bağlanacaq, ya da böyük şirkətlərlə birləşəcək. Amma ayaqda qalan iri yerli şirkətlər artıq rəqabətli mühitdə müştəriyə daha keyfiyyətli və daha düzgün xidmət göstərməyə çalışaraq, müştərilər uğrunda mübarizə aparacaqlar. Yəni xarici şirkətlərin bazara daxil olması rəqabətli mühiti xeyli dərəcədə yüksəldəcək. Bu da təqdim olunan xidmət və məhsulların keyfiyyətinin artması, müştərilərə daha daha yaxşı xidmət göstərməyə can atmasına səbəb olacaq. Hələlik bu yoldan başqa digər yolların olduğunu söyləmək çətindir”.
Ekspert Rəşad Həsənovun fikrincə, Azərbaycanda özəl sığorta şirkətlərinin yeni yarandığını nəzərə alsaq, düşünə bilərik ki, baş verənlər müəyyən qanun boşluğundan, təcrübəsizlikdən və rəqabət mühitinin olmamasından qaynaqlanır: “Hazırda onun şahidi oluruq ki, bir çox hallarda sığorta şirkətləri sığorta ödənişlərinin həyata keçirilməsində vətəndaşlar üçün ciddi problemlər yaradır. Xüsusən də sığorta olunanla şirkət arasında müqavilə bağlanarkən onun şərtlərinin tərtibi zamanı müəyyən manipulyasiyalar edilir. Əksər halda sığorta hadisəsi baş verdiyi zaman vətəndaşlar onun şirkət tərəfindən qarşılanmasında problemlərlə üzləşir. Bu da bir çox hallarda vətəndaşların informasiyasızlığı, həmçinin, mövcud qanunvericilikdə müəyyən boşluqların olmasından qaynaqlanır. Bütün bu baş verənlər fonunda sığorta bazarı zəif inkişaf edən bazardır. Onu müşahidə edirik ki, ölkədə sığorta şirkətlərinin bu istiqamətdə gəlirləri onların ödənişlərindən qat-qat artıqdır. Bir çox hallarda bu göstərici hətta 10 faizdən də artıqdır. Bu da onlara ictimai inamın azalmasına gətirib çıxarır. Böyük sayda insanlar sığortaya etibar etmir. Nəticədə sığorta fəaliyyətinin ümumi daxili məhsulda yaratdığı göstərici 0,3 faizdir. Bu da kiçik rəqəmdir. İnkişaf etmiş ölkələrdə bu, 3-8 faiz arasında dəyişir. Bu da sığorta şirkətlərinin özlərinin özləri üçün yaratdığı bir problemdir. Onlar sığorta olunanla daha çox əməkdaşlıq etməkdə maraqlı olarsa, bu zaman həmin qüsurlar da aradan qalxar. Hazırda bununla bağlı dövlət tərəfindən də müəyyən addımların atılması gərəkdir. Ümumiyyətlə, sığorta şirkətlərinin fəaliyyətinə nəzarət ciddi şəkildə gücləndirilməlidir. Əks halda hazırda olan cüzi inamı da sığorta şirkətləri tam itirə bilər”.

 

Rüfət NADİROĞLU




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir